Qarabağın qapısından açılan tarixi və mədəni səyahət - REPORTAJ

Qarabağın qapısından açılan tarixi və mədəni səyahət - REPORTAJ 30 ilə yaxın həsrətin sona çatması ilə hər kəsin ürəyində yaranan arzulardan biri Qarabağa getmək, ötən xatirələri canlandırmaq, səfalı yerlərlə tanış olmaqdır. Hər bir şəxs günbəgün dəyişən Qarabağın yenidən dirçəlişinə şahid olmaq istəyir. Dövlətin də b
Turizm
3 Avqust , 2024 12:54
Qarabağın qapısından açılan tarixi və mədəni səyahət - REPORTAJ

30 ilə yaxın həsrətin sona çatması ilə hər kəsin ürəyində yaranan arzulardan biri Qarabağa getmək, ötən xatirələri canlandırmaq, səfalı yerlərlə tanış olmaqdır. Hər bir şəxs günbəgün dəyişən Qarabağın yenidən dirçəlişinə şahid olmaq istəyir. Dövlətin də bu arzuların reallaşması üçün təhlükəsizliyi təmin etməklə yaratdığı imkanlar mütəmadi olaraq artır, azad olunmuş torpaqlarımız yenidən sahiblərinə qovuşur, digər sakinlərin də bu torpaqlara səfər etməsi üçün şərait yaradılır. Yaradılan bu imkanlardan biri də iyulun 17-dən etibarən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakıdan Füzuliyə yeni açılan aviareysdir. Azərbaycanın tarixi torpaqlarına səfər etmək istəyən vətəndaşlarımız üçün bir yenilik olan bu reys illər boyu həsrətlə gözlənilən torpaqlara qovuşmağın yeni bir yolu, vətənə geri dönüşün, xatirələrin canlanmasının simvoludur. Həftədə iki dəfə olmaqla bazar ertəsi və cümə günləri həyata keçiriləcək Bakı-Füzuli-Bakı aviareysi Qarabağa səfəri asanlaşdıracaq. Bəs bu 3 gün ərzində azad olunmuş ərazilərdə vətəndaşların ziyarət edəcəyi məkanlar hansılardır?

“Report” Qarabağda üç gün ərzində gedilə biləcək tarixi, mədəni yerləri, zəngin təbiətdən zövq almaq üçün səfər edilməli məkanları təqdim edir.

Əzəli Azərbaycan torpağı olan Qarabağda hər addımda tarixin izi, xalqımızın mədəniyyətinin parlaq nümunələri var. Füzuli Beynəlxalq Hava Limanına çatdıqdan sonra bu aviareysin sərnişinləri üçün səfər artıq buradan yola düşməklə başlayır. Füzulidən Şuşaya gedilən yolda bir tərəfdə düşmən barbarlığını, digər tərəfdə isə Azərbaycan dövlətinin apardığı yenidənqurma və bərpa işlərini, Qarabağa yenidən verilən nəfəsi görmək olar.

Üçgünlük səfər boyunca gediləcək yerlərə nəzər salsaq ilk əvvəl Azərbaycanın, Türk Dünyasının mədəniyyət beşiyi olan Şuşadan başlamaq lazımdır.

Cıdır düzü Şuşanın rəmzlərindən biri, tarixən cıdır yarışlarının və Qarabağ xanlığı dövründən yerli türk əhalinin Novruz bayramını və digər el şənliklərini keçirdiyi ərazidir. İndi də bura “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının keçirildiyi məkan, Şuşaya səfər edən hər kəsin ilk ziyarət etdiyi yerlərdən biridir. Cıdır düzündən açılan mənzərə də insanları valeh edir, öz möhtəşəmliyi ilə bütün diqqəti üzərinə çəkir.

Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi Cıdır düzünə yaxın bir ərazidə dahi şairin məzarı üstündə inşa edilib. 1982-ci il yanvarın 14-də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində Molla Pənah Vaqifin məzarı üzərində ucaldılan əzəmətli məqbərənin açılışı olub. Məhz bu səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verdi və həmin ilin 29 iyul – 3 avqust tarixlərində Şuşada Vaqif Poeziya Günləri keçirildi.

Dördkünc quruluşa malik və mərmərlə bəzədilən türbənin inşası məsələsi həll edilərkən ətrafdakı dağ mənzərəsi və şəhərsalma xüsusiyyəti nəzərə alınaraq, Azərbaycanın qülləvari türbələrinin kompozisiya quruluşundan istifadə edilmişdi. Məqbərənin inşasında xalq memarlığının yerli ənənələrinə, monumental-dekorativ və tətbiqi plastika vasitələrinə yer verilmişdi. Türbənin daxilində Molla Pənah Vaqifin heykəltəraş Albert Mustafayev tərəfindən hazırlanan büstü qoyulmuşdu. 1992-ci ildə Şuşa şəhərinin Ermənistan tərəfindən işğalı nəticəsində kompleksin binası və burada sərgilənən bütün eksponatlar məhv edildi. Müzəffər Azərbaycan Ordusunun şanlı Zəfərindən sonra, 39 il əvvəl məqbərənin açıldığı gündə - yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı məqbərəni ziyarət edən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, burada təmir-bərpa və yenidənqurma işlərinə start verildi.

Abidənin hər detalında tarixi görkəm qorunub saxlanılıb. Abidə kompleksinin bütün infrastrukturu yenidən qurulub, yağış suları üçün drenaj xətləri və elektrik xətləri çəkilib quraşdırılıb. Landşaftda istinad divarları və meydança tarixi görkəmi çərçivəsində qranitlə üzlənib. Eyni zamanda ətrafda o dövrün şəkillərində əks olunduğu kimi, müxtəlif növ qızılgül kolları əkilib.

1787-ci ildə Bülbülün ev-muzeyini ulu babası Kərbəlayı İsmayıl inşa edib. Bu evdə ilk yaşayan 8 nəfər də, ata, ana və 6 övladı olub. Bülbül isə 13-14 yaşlarına qədər bu evdə yaşayıb. Bu muzey Bülbülün həyatını, musiqi karyerasını və onun şəxsiyyətini əks etdirən eksponatlarla zəngindir. İşğal zamanı kazarmaya çevrilən, bir tərəfində odun yığılan, digər tərəfində isə öz yavərləri ilə erməni komandirlərinin yaşadığı muzeydə indi Bülbülün həyatına və sənətinə aid müxtəlif əşyalar sərgilənir. Burada onun şəxsi əşyaları, sənəd və fotoları, musiqi alətləri, bəstəkarın yazdığı partituralar və digər sənət əsərləri nümayiş olunur. Bu eksponatlar Bülbülün yaradıcılığını və onun musiqi dünyasındakı yerini nümayiş etdirir. Burada Bülbülün erməni vandallığına məruz qalmış büstü ilə yeni büstü yanaşı sərgilənir. Muzey Azərbaycanın musiqi tarixini və mədəni irsini əks etdirən əhəmiyyətli bir məkan olaraq, həm yerli, həm də beynəlxalq ziyarətçilər üçün maraqlı bir məkandır. Muzey, həmçinin Şuşa şəhərinin tarixi və mədəni irsini tanıdan vacib bir məkandır.

2023-cü il mayın 10-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılan Milli Xalça Muzeyinin Şuşa filialının XIX əsrin ikinci yarısında tikilmiş binası şəhərin Yuxarı məhəlləsində yerləşir. İşğal dövründə bina yararsız hala düşdüyündən və tarixi görkəminə müdaxilələr edildiyindən burada 2021-ci ildən etibarən Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılıb. Görülmüş işlər nəticəsində binanın daxili divarları, döşəmələri, tavanları bərpa olunub. Sonradan alçıpanla bağlanılan qapı, pəncərə, tavan və arakəsmə divarlar götürülərək binanın tarixi siması özünə qaytarılıb. Binanın fasadındakı çatlar bərpa olunub və daşla üzlənib.

Qarabağ torpaqlarının Ermənistanın işğalına məruz qaldığı dövrdə Azərbaycan Milli Xalça Muzeyi filialda saxlanılan sənət nümunələrinin təhlükədə olduğunu nəzərə alaraq, 1992-ci il fevralın 29-da onların təxliyəsini təşkil etmişdi. Beləliklə, Şuşa filialının kolleksiyasındakı 246 eksponatdan 183-ü Bakıya gətirilmişdi. Şəhər işğal altında olduğu dövrdə Şuşa filialı öz fəaliyyətini Azərbaycan Milli Xalça Muzeyində davam etdirirdi.

Şuşa Xalça Muzeyi Azərbaycanın xalçaçılıq ənənələrini yaşatmaq və təbliğ etmək baxımından əhəmiyyətli rola malikdir. Muzeyin təqdim etdiyi əşyalar və sənət nümunələri Azərbaycanın zəngin mədəni irsinin bir hissəsi olaraq, xalçaçılığın nə qədər dəyərli olduğunu göstərir. Bu cür muzeylər ölkənin mədəni irsinin qorunmasına və tanıdılmasına kömək edir, həmçinin ziyarətçilərə Azərbaycanın ənənəvi sənətləri ilə tanış olmaq imkanı verir.

Mehmandarovların malikanə kompleksi Mehmandarovlar ailəsinə məxsusdur və Azərbaycanın tarix-memarlıq abidələrindən biridir.

Azərbaycan xanlıqlarının, o cümlədən, Qarabağ xanlığının idaretmə sistemində bir çox mülki və hərbi vəzifələri yerinə yetirən Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrin tarixi-memarlıq abidəsi sayılan Mehmandarovların malikanə kompleksi ucaldılıb.

Şuşa şəhərində yerləşən Mehmandarovların malikanə kompleksinə böyük yaşayış evi, kiçik yaşayış evi və məscid daxildir. Həmçinin daha sonralar məscidə gedən yolun üstündə bulaq tikilib. Malikanə kompleksi ilk dəfə 1977-78-ci illərdə Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən pasportlaşdırılıb. Mehmandarovların böyük yaşayış binası sovet dönəmində Şuşa Şəhər Xəstəxanası kimi fəaliyyət göstərib.

19 may 1987-ci il tarixindən vaxtilə Mehmandarovlar ailəsinə məxsus olan yaşayış kompleksində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin (indiki Azərbaycan Milli Xalça Muzeyi) Şuşa filialı fəaliyyətə başlayıb.

1992-ci ildə Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qaldığı üçün filialdakı daşınması mümkün olan eksponatlar təxliyə olunaraq Bakıya gətirilib.

Müharibə dövründə Mehmandarovların malikanə kompleksinə də ciddi ziyan dəyib, dağıntılar törədilib. Mülkdə olan əksər tikililər yerlə-yeksan edilib. Mehmandarovların kiçik yaşayış binası ermənilər tərəfindən Şuşa Tarix Muzeyi kimi fəaliyyət göstərirdi. Kompleks ərazisindəki məscid isə düşmən tərəfindən mənimsənilmiş və “Geologiya muzeyi”nə çevrilmişdi.

İndi isə muzeydə Mehmandarovların müxtəlif dövrlərə aid əşyaları, sənədləri və şəxsi əşyaları sərgilənir. Burada, həmçinin onların həyatına dair fotoşəkillər, məktublar və digər tarixi sənədlər nümayiş olunur. Bu eksponatlar, ziyarətçilərə Mehmandarovların həyatını və fəaliyyətini daha dərindən başa düşməyə kömək edir.

Şuşanın Yuxarı və Aşağı Gövhər Ağa məscidləri Azərbaycanın tarixi və mədəni irsində mühüm rol oynayan iki önəmli dini abidədir. Hər iki məscid Şuşanın zəngin tarixi və memarlıq ənənələrini əks etdirir. Məscidlərin tikintisi XVIII əsrə aiddir və həmin dövrdə Şuşada dini və ictimai həyatda əhəmiyyətli bir yer tutub. Məscidin adı Gövhər Ağa adlı bir xeyriyyəçinin adından götürülüb. Məscidlərin memarlıq dizaynı və bəzəkləri klassik Şuşa memarlığının xüsusiyyətlərini daşıyır. Ziyarətçilər bu məscidlərdə Şuşanın dini həyatını, memarlıq üslubunu və tarixi inkişafını daha yaxından öyrənə bilərlər.

Şuşaya səfər zamanı mütləq baş çəkilməli yerlərdən biri də İsa bulağıdır. Bu bulaq şəhərin tarixi və mədəni irsinin bir parçası olan qədim və maraqlı bir məkan olaraq tanınır. Şuşa şəhərindən dörd kilometr aralıda, dəniz səviyyəsindən təqribən 1300 metr hündürlükdə meşəlik ərazidə yerləşən İsa bulağı Azərbaycanın, o cümlədən, Qarabağın ən məşhur istirahət yerlərindən biri hesab olunur.

Azərbaycan təbiətinin nadir incilərindən sayılan İsa bulağının suyu həm soyuq, həm xeyirli, həm də göz yaşı kimi durudur. Ən isti yay günlərində belə ətrafı həmişə sərin olan bulaq hər zaman şuşalıların və şəhərin qonaqlarının ən sevimli istirahət məkanlarından olub və 34 il əvvəl olduğu kimi yenə də Şuşaya gələnlərin üz tutduqları ən əsas məkanlardandır.

Bütün bunlardan əlavə səfər edənlər Şuşada Çuxur məhəlləsində yerləşən abidələri, Merdinli məhəlləsində Sadıqcanın evini, Saatlı məscidini, “Güllələnmiş büstlər”in yerləşdiyi meydanı, Xurşidbanu Natəvanın sarayını, şairənin vəsaiti hesabına inşa edilmiş bulağı, Şuşa qalasını, həmçinin qalanın Gəncə qapısı və “Xarı Bülbül” simvolunu, Üzeyir Hacıbəylinin heykəlini və sair ziyarət edə bilərlər.

Bakı-Füzuli aviareysi Şuşa ilə yanaşı Laçına da daha rahat səfər imkanı yaradır. Ziyarətçilər burada da çox xoş zaman keçirə, təbiətin gözəlliyindən zövq ala bilər. Laçının hər daşı, hər qarışı insanda xoş təəssüratlarla zəngin dərin iz buraxır. Həkəri çayı isə buranın gözəlliyini daha da artırır. Artıq çayın ətrafı insanlarla dolu, buraya gələnlərin əsl istirahət məkanına çevrilib. Çayın sahili ekoturizm üçün də əlverişli şərait yaradır. Burada təbiətdə gəzintilər, balıq ovu və digər açıq hava fəaliyyətləri ilə məşğul olmaq mümkündür. Hətta insanların buraya ziyarəti əlamətdar günlərə də təsadüf edə bilər. Azərbaycanın əməkdar artisti Məhəbbət Kazımovun yubileyi Laçında, Həkəri bulvarında böyük coşğu ilə qeyd olunur.

Laçının gözəlliyinə şahid olmaq üçün ən unikal yerlərdən biri də Seyrəngah adlanan məkandır. Bura dağlar, meşələr, çaylar və göllərlə əhatələnib. Sakitliyi sevən insanlar üçün bura əvəzolunmaz yerdir. Yayda sərin havası, qışda isə qarlı mənzərələri ilə Seyrəngah Laçına səfər edənlərin sevimli guşəsinə çevrilib.

Laçına gələnlərin mütləq getməli olduğu yerlərdən biri də Zabux kəndidir. Rayonun ən böyük kəndlərindən olan Zabuxda yenidən tikilən evlər, yaradılan infrastruktur kəndin simasını daha da gözəlləşdirib. Zabux çayının hər iki sahilini əhatə edən kənd otuz illik işğal dövründə kənd erməni vandalizminə məruz qalsa da, azad edildikdən dərhal sonra buranın yenidən qurulmasına başlanıldı. Qısa müddətdə kənddə evlər və digər obyektlər inşa olunub, yollar abadlaşdırılıb, əhalinin istirahəti üçün park salınıb. Kəndin mərkəzindən keçən çayın üzərində körpü inşa olunub.

Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyasının qərarına əsasən Bakı-Füzuli/Füzuli-Bakı istiqamətində təyyarə biletlərinin qiyməti bir tərəfə 78 manat məbləğində müəyyən edilib. Bu qiymətə 10 kq-a qədər əl yükü və 23 kq-a qədər baqaj daxildir.

Sözügedən istiqamətdə səyahət edən 2 yaşından 12 yaşınadək uşaqlar üçün tətbiq olunan tarifdən 25 %, 0-2 yaşında körpələr üçün isə tətbiq olunan tarifdən 90 % güzəştlər nəzərdə tutulub.

Füzuliyə aviabilet əldə edərkən bir sıra məqamlara diqqət yetirilməlidir. Belə ki, Qarabağa giriş xüsusi icazə tələb etdiyinə görə aviabiletləri yalnız Azərbaycan vətəndaşları əldə edə bilərlər. Aviabilet əldə etmək üçün "yolumuzqarabaga.az" portalından əldə edilən icazə kodunun müddəti 1 aydır. Bu müddət ərzində aviabilet alıb Qarabağa səfər etmək olar. Aviabilet yalnız hər iki istiqamətdə və yalnız Bakı-Füzuli-Bakı marşurutu üzrə əldə oluna bilər.

Son xəbərlər

Orphus sistemi