Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında yeni turizm növlərinin, xüsusilə qış turizminin, çadır turizminin, mədəni-tarixi turizmin, sağlamlıq turizminin, eləcə də qastronomik turizmin inkişafı üçün potensial var.
“Report” xəbər verir ki, bunu "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) İctimai Birliyinin sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin turizm potensialından istifadə genişləndikcə yerli kadrlara ehtiyac daha da artacaq: “Əvvəlki illərə nisbətən bu gün hotelçilik sektorunda kadr hazırlığında kifayət qədər irəliləyişlər var. Əvvəllər bizdə bu istiqamətdə tədris müəssisələri çox az idi. Son 20-30 il ərzində bu tədris müəssislərinin sayı artırıldı. İsmayıllı, Qəbələ, Qusar və Şəkidə bu istiqamətdə peşə məktəblərinin yaranması, Mingəçevirdə kollecin fəaliyyətə başlaması kadrların hazırlanmasına təkan oldu. Bundan başqa, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Dövlət Universiteti, Qərb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində turizm kafedralarının, fakültələrinin fəaliyyət göstərməsi əlbəttə ki bu istiqamətdə müsbət dəyişikliklərə gətirib çıxarır".
"Biz Qarabağ və Şərqi Zəngəzuru turizm məkanına çevirməyə başlamışıq. Həmin ərazilərdə onlarla yeni hotel inşa olunmalı, turizm şirkətləri fəaliyyət göstərməlidir. İnanırıq ki, həm Qarabağ, həm də Şərqi Zəngəzur turizm sektorunda önəmli yerini tutacaqdır. Çünki oranın gözəl yerləri, təbii ehtiyatları turistlərin diqqətini çəkəcək. Qarabağda inkişaf edəcək sağlamlıq turizmi bizim məşhur Naftalan sağlamlıq məkanı kimi yer olacaq və nəinki daxili, eləcə də xarici turistlər ora üz tutacaq. Onlar üçün mütləq müasir standartlara cavab verən hotellər olmalıdır. Bu, həm də dövlət siyasətinin bir hissəsidir. Biz inanırıq ki orada hotellər inşa olunduqdan sonra ali təhsil müəssisələrində, peşə məktəblərində hotelçilik üzrə təhsil alan tələbələr orada işlə təmin olunacaq”, - deyə ATAA rəsmisi əlavə edib.