*** 12:54
Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Bakı Ekspo Mərkəzində “AITF-2017” XVI Azərbaycan Beynəlxalq turizm və səyahətlər və “HOREX Caucasus-2017” XI Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olublar.
“Report” xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərgilər barədə dövlət başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verib.
Bildirilib ki, builki sərgidə 22 ölkəni təmsil edən 272 şirkət iştirak edir. Ziyarətçilər 90-dan artıq xarici turizm istiqaməti, eləcə də ölkə daxilində istirahət imkanları ilə tanış ola biləcəklər. Sərgidə 17 milli və regional stend təmsil olunur.
Prezident İlham Əliyev əvvəlcə Mədəniyyət və Turizm Nazirliyinin stendi ilə tanış olub. Nazirlikdən başqa, burada 7 qurum təmsil olunur. Bu şirkətlər sərgidə turizmin müxtəlif istiqamətləri üzrə xidmətlər təklif edir. Ümumilikdə, stenddə Azərbaycanın turizm marşrutları, turizm məkanları, paytaxtla yanaşı, bölgələrimizdə mövcud turizm infrastrukturu və rayonlarımızın turizm potensialı barədə məlumat verilir.
Dövlət başçısı sonra Azərbaycan Turizm Assosiasiyasının stendinə baxıb. Burada 15 şirkət təmsil olunur. Şirkətlər otel və turizm üzrə ixtisaslaşmış qurumlardır. Stenddə Bakı və regionlarda mövcud otel kompleksləri, istirahət məkanları, əyləncə mərkəzləri barədə məlumat almaq mümkündür.
Kuba sərgidə birinci dəfə iştirak edir. Bu ölkənin Azərbaycandakı səfirliyinin stendində Kubanın turizm imkanları barədə məlumat verilir. Kubanın belə mötəbər sərgidə iştirak etməsində əsas məqsədlərdən biri turizm potensialını təbliğ etmək və daha çox turist cəlb etməkdir.
Azərbaycanın qədim diyarı olan Naxçıvan da sərgidə geniş təmsil olunur. Stenddə muxtar respublikadakı otellər və istirahət mərkəzləri barədə ətraflı məlumat verilir. Naxçıvan özünün qədim tarixi və müasir siması ilə turistlərin diqqətini cəlb edir. İlbəil artan turist sayı da bunu təsdiqləyir. Əsasən qonşu dövlətlərdən – İran və Türkiyədən gələn turistlər çoxluq təşkil edir.
Sərgidə Azərbaycanın digər bölgələrinin turizm imkanları da nümayiş etdirilir. Prezident İlham Əliyev ölkədə turizmin inkişafını vacib istiqamətlərdən biri kimi hər zaman diqqətdə saxlayır. Bunun nəticəsidir ki, indi paytaxtla yanaşı, bölgələrimizdə də müasir turizm infrastrukturu yaradılıb. Azərbaycanın qədim və zəngin mədəniyyəti, milli mətbəximizin müxtəlifliyi, xalqımızın qonaqpərvərliyi də turistləri ölkəmizə cəlb edir. Azərbaycanda turizmin kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, idman və digər növləri inkişaf etməkdədir. Ölkəmizin zəngin flora və faunası, gölləri, çayları, dağları respublikamıza bir dəfə səfər edən turistləri yenidən Azərbaycana gəlməyə sövq edir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qarabağ stendi ilə də tanış olublar. Bu stend də sərgidə böyük maraqla qarşılanır. Burada Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ barədə ətraflı məlumat verilir.
Sərgiyə Ukrayna da böyük maraq göstərir. Bu ölkənin turizm imkanlarını nümayiş etdirmək baxımından sərgi mühüm platformadır. Son 6 ildə Ukrayna mütəmadi olaraq bu sərgidə iştirak edir. Ukrayna stendində bu ölkənin otel-kurort kompleksləri, həmçinin səhiyyə turizm obyektləri də xidmətlərini təklif edir.
Dövlət başçısına “ASAN Visa”nın stendi barədə məlumat verilib. Bildirilib ki, sistem işə başlayandan bu günədək 40 min 63 nəfərə elektron viza verilib. Elektron viza üçün müraciət edənlər arasında İran İslam Respublikasının vətəndaşları çoxluq təşkil edir. Almaniya, Böyük Britaniya, ABŞ, Pakistan, Hindistan, İsrail, Türkmənistan, İtaliya və Fransa vətəndaşları da bu xidmətdən istifadə edənlər arasındadır. Elektron viza alanların əksəriyyətinin ölkəmizə səfərində məqsəd turizmdir.
Sərgidə Türkiyənin İzmir valiliyi də ayrıca stendlə təmsil olunur. Stenddə İzmirin səfalı məkanları, otel xidmətləri nümayiş etdirilir. Burada 6 şirkətin xidmətləri təklif olunur. Qardaş Türkiyə Respublikasının bu diyarı turistlərin diqqətini yay turizmi, o cümlədən sörfinq kimi əyləncəvi istirahətlə də cəlb edir.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Baku Shopping Festivalı”nın stendində olublar. Aprelin 10-dan mayın 10-dək Azərbaycanın paytaxtında ilk dəfə Ticarət Festivalı keçiriləcək. İldə iki dəfə təşkil olunması planlaşdırılan festivalın keçirilməsində məqsəd turizm baxımından ölkəmizin cəlbediciliyinin yüksəldilməsi, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi ilə ticarət dövriyyəsinin artırılmasının stimullaşdırılmasıdır.
Prezident İlham Əliyevə festival zamanı alınacaq məhsula görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması prosesi nümayiş olunub.
Rusiyanın Stavropol vilayəti də sərgidə geniş təmsil olunur. Vilayətin qubernatoru Vladimir Vladimirov dövlət başçısına stend haqqında məlumat verib. Burada 50-yə yaxın şirkət, 30-dək sanatoriya öz xidmətlərini təklif edir. Şirkətlər turizm, idman turizmi, sağlamlıq, müalicə istiqamətləri üzrə turlar təşkil edirlər. Bu il Azərbaycandan Rusiyanın bu bölgəsinə gedən turistlərin sayında 20 faizə yaxın artım olub. Bakı ilə Mineralnıye Vodı arasında həftədə 3 dəfə hava əlaqəsinin olması qarşılıqlı turizm mübadiləsinin artmasına şərait yaradır. Stavropol şirkətləri sərgiyə böyük maraq göstərir.
Sərgidə iştirak edən şirkətlər arasında Sankt-Peterburqun Ermitaj Media şirkəti də var. Bu, Dövlət Ermitaj Muzeyini və onun qəzetini, həmçinin rəsmi dövlət Ermitaj otelini birləşdirən media holdinqdir. İlk dəfədir sərgidə təmsil olunan şirkət burada öz otel və muzey xidmətlərini təklif edir. Əsas məqsədi Rusiyanın mədəni dəyərlərini qorumaq və təbliğ etməkdir.
“Azərbaycan Hava Yolları” – AZAL bu gün nəinki regionda, eləcə də dünyada aparıcı şirkətlərdən biridir. Bu gün Azərbaycanın mülki aviasiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarına uyğun olmaqla, sərnişindaşımada bütün norma və tələblərə tam cavab verir. Təyyarə parkını və maddi-texniki bazasını müasirləşdirən “Azərbaycan Hava Yolları”nın təyyarələri dünyanın onlarla şəhərinə müntəzəm uçuşlar yerinə yetirir. Azərbaycanda turizmin inkişafına bir çox ölkələrlə olan birbaşa hava əlaqəsi də töhfə verir.
Tatarıstan da bu sərgiyə yeni qoşulanlar arasındadır. Kazan stendində 4 şirkət təmsil olunur. Onlar turizm, otel və yeməkxana komplekslərini təmsil edirlər. Tatarıstan növbəti illərdə də sərgiyə qatılmaq niyyətindədir.
Macarıstan artıq 7-ci dəfədir ki, sərgidə iştirak edir. Üç şirkətlə təmsil olunan bu ölkə geniş turizm imkanlarına malikdir. Burada Macarıstanın böyük otellər şəbəkəsi, kurortlar və turizm şirkətləri təmsil olunur. Turizm mövsümündə bu ölkəyə gedən azərbaycanlıların sayı ilbəil artır.
Gürcüstan sərgiyə Milli Turizm Administrasiyasının stendi ilə qatılıb. Administrasiyanın stendində 6 şirkət xidmətlərini təklif edir. Onlardan 3-ü otel, 3-ü isə region turizm müəssisəsidir. Şirkətlər əsasən bu ölkənin bölgələrində yaradılmış turizm potensialı, müxtəlif turizm istiqamətləri üzrə xidmətlər göstərir. Gürcüstan hər il bu sərgiyə qatılır və gələn şirkətlərin sayı da ilbəil artır.
Dövlət başçısı İlham Əliyev “Natural Halı” şirkətinin stendinə də baxıb. Şirkət Azərbaycanın müxtəlif bölgələrində xalçalar toxutdurur. Onların hamısı əllə toxumadır. Burada əsasən Təbriz şəhərinin, eləcə də Türkmənistanın və digər ölkələrin əllə toxunan xalçaları da var.
Bolqarıstan stendində bu ölkənin turizm potensialı nümayiş olunur. Stenddə Varna meriyası və 3 şirkət Bolqarıstanın mədəni, dəniz, sağlamlıq və qış kurort turizmi istiqamətlərini təqdim edirlər.
Qardaş Türkiyə həmişə olduğu kimi, bu il də sərgidə geniş təmsil olunur. Bu ölkənin müxtəlif bölgələrinin turizm marşrutları, turizm xəritələri böyük maraqla qarşılanır. Sərgidə Türkiyəni təmsil edən 15 şirkət turizm, sağlamlıq və müalicəvi xidmətlərini də təklif edirlər.
Üç şirkətlə təmsil olunan Mərakeş də sərgiyə böyük maraq göstərir. Mərakeş azərbaycanlı turistlərin bu ölkəyə səfər etməsi, həmçinin Mərakeş vətəndaşlarının Azərbaycana gəlməsində maraqlıdır.
Dominikan da 3-cü dəfədir sərgiyə qatılır. Bu ölkənin turizm şirkətləri sərgidə öz xidmətlərinin geniş çeşidini təklif edirlər. Dominikan turizm üçün cəlbedici ölkə sayılır.
Rusiya Federasiyasının Dağıstan Respublikasının stendində turizm marşrutları, turizm xəritəsi barədə geniş məlumat verilir. Respublika sərgidə 4 şirkətlə təmsil olunur.
Sərgidə iştirak edən ölkələr arasında Kolumbiya da var. Bu ölkə ilk dəfədir Bakı sərgisinə qatılıb. Kolumbiya sərgiyə növbəti ildə daha böyük nümayəndə heyəti ilə qatılmaq niyyətindədir.
Belarus ötən il bu sərgidə 6 şirkətlə təmsil olunmuşdusa, bu il şirkətlərin sayı 10-a çatıb. İkinci dəfə sərgidə iştirak edən Belarusun bu beynəlxalq tədbirə marağı ilbəil artır. Belarus stendində əsasən, sanatoriya, kurort, müalicə, tibbi və idman turizmi növləri üzrə xidmətlər təqdim olunur.
BMT-nin Ümumdünya Turizm Təşkilatı və Asiya-Sakit Okean Turizm Assosiasiyası kimi beynəlxalq qurumlar tərəfindən də dəstəklənən sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyadan olan tərəfdaşı “ITE Group” şirkətləri çıxış edir.
Stendlərlə tanış olan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərgilərin işinə uğurlar arzulayıblar.