Nazirlik rəsmisi: "Gürcüstanda turistlər çadırda qalır, gündə bir xaçapuri alıb yeyirlər" - MÜSAHİBƏ

Nazirlik rəsmisi: "Gürcüstanda turistlər çadırda qalır, gündə bir xaçapuri alıb yeyirlər" - MÜSAHİBƏ Rauf Paşayev: "Turizm şirkətlərimiz 20 dollarlıq vizaları 50-100 dollara satırdılar"
Turizm
11 İyul , 2017 14:18
Nazirlik rəsmisi: Gürcüstanda turistlər çadırda qalır, gündə bir xaçapuri alıb yeyirlər - MÜSAHİBƏ

Minsk. 11 iyul. REPORT.AZ/ Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsi müdirinin müavini Rauf Paşayevin "Report"a müsahibəsi 

- Minskdə "İdman və Turizm: Turizmdə kobrendinq" adlı beynəlxalq tədbirdə iştirak etdiniz. Tədbir zamanı belə anlaşıldı ki, Belarus hökumətinin 2019-cu ildə II Avropa Oyunlarına Azərbaycan qədər xərc çəkmək imkanı yoxdur...

- Düzdür, imkanları yoxdur. Amma bizim təcrübəmizi bölüşürlər. Belarus Prezidenti Aleksandr Lukaşenko da konsepsiyalarının fərqli olacağını bildirib. O, Azərbaycanın "Bakı 2015"ə xərclədiyi büdcə ilə II Avropa Oyunlarını təşkil edəcəklərini vurğulayıb. Lukaşenko fikirlərini belə əsaslandırıb ki, Bakıda sanki olimpiada təşkil olunmuşdu. Biz bunu anlayışla qarşılayırıq.

- Konfransdakı çıxışınızda Belarusa turizmin inkişafı ilə bağlı bəzi tövsiyyələr verdiniz. Bəs Azərbaycanda bu sahə nə dərəcədə inkişaf edib?

- Konfransdakı çıxışımda viza siyasətimizlə bağlı məlumat verdim. Dedim ki, 2016-cı ildə cənab prezidentin sərəncamı ilə bəzi ölkələrə viza rejimi sadələşdirilib. Artıq ərəb ölkələrindən Azərbaycana daha çox turist gəlir. Xüsusən, Birləşmiş Ərəb Əmirliklərindən 25 qat artıq turist təşrif buyurub. Burada bir neçə faktor öz sözünü deyib. Bunlardan birincisi manatın devalvasiyasıdır. Manat avroya bərabər olduğu vaxt hamı şikayətlənirdi ki, Azərbaycan bahalı destinasiyadır. Bakıya dollarla, avro ilə gəlirdilər və pullarını manata çevirəndə deyirdilər ki, sizdə çox bahalıqdır. Devalvasiyadan sonra isə onlar üçün ikiqat ucuzlaşmışıq. Bunun nəticəsidir ki, ərəb və avropalı turistlərin sayı daha çox olub. İkinci faktor isə əlbəttə, viza siyasətimizin sadələşdirilməsidir. Ərəblər və Şərqi Avropa ölkələrinin vətəndaşları artıq hava limanındaca vizalarını ala bilirlər. Ona görə də daha çox turist gəlib. Belarusda isə 80 ölkə üçün 5 günlük vizasız səyahət imkanı yaradılıb. Amma mən çıxışımda dedim ki, 5 gün çox azdır. Məsələn, Azərbaycanda bu müddət 30 günlükdür. 

Digər tərəfdən, yaxşı olardı ki, elektron viza sistemi Belarusda da tətbiq olunsun. Azərbaycanda elektron viza sistemi 2013-cü ildən mövcuddur. 2016-cı ildə biz bu sistemi daha da təkmilləşdirdik və nəticədə ASAN Viza əmələ gəldi. Bunadək turistlər vizanı iki mərhələdə ala bilirdilər. Mədəniyyət və Turizm Nazirliyi 50-dək şirkəti akreditasiyadan keçirmişdi. Turistlər həmin şirkətlər vasitəsilə viza ala bilirdilər. Amma sonradan turistlər şikayət etdilər, biz də gördük ki, bununla bağlı bəzi problemlər ortaya çıxır. Açığı, turizm şirkətlərimiz vizaları satmağa başladılar. Elektron viza üçün rüsum 20 dollar olduğu halda, onlar 50-100 dollara satırdılar. Ona görə də ASAN Viza sistemi yaradıldı. Artıq hər bir turist rahatlıqla, 3 gün ərzində və 23 dollar ödəməklə Azərbaycana viza ala bilər.

- Bu, necə baş verir?

- Turist anketi 15 dəqiqəyə doldurub göndərdikdən sonra e-mailinə ştrix-kodla blank gəlir. O, blankı çap edir və sərhəddə göstərərək keçir. Bu, çap eləmədən də mümkündür. İndi yeni avadanlıq tətbiq olunur. Artıq "iPhone" telefonunu açıb ştrix-kodu göstərərək də keçmək olar. Bu təcrübəmizi konfransdakı çıxışım zamanı bölüşdüm. Yəni, II Avropa Oyunlarından sonra Belarusa daha çox turistin gəlməsini istəyirlərsə, bəzi islahatları indidən aparmaq lazımdır. 80 ölkə üçün Belarusa 5 günlük vizasız səyahət çox yaxşıdır, amma digər addımlar da atılmalıdır.

- Azərbaycanın valyuta daxilolmaları arasında turizm gəlirləri neçənci yeri tutur?

- Mən sizə dəqiq rəqəm deyim. Ümumdünya Turizm və Səyahət Şurası hər bir ölkə üçün iqtisadi hesabat hazırlayır. Şuranın hesabatına əsasən, 2016-cı ildə xarici vətəndaşlar Azərbaycanda 2 milyard dollardan çox vəsait xərcləyiblər. Gürcüstanda da təxminən eyni vəziyyətdir. Azərbaycana gələn turistlər daha çox pul xərcləyirlər. Gürcüstanda turistlərin sayı bəlkə çoxdur. Amma orada büdcəli turistlər çox da olmur. Gedib çadırda qalır, gündə bir xaçapuri alıb yeyirlər. Demək olar ki, pul xərcləmirlər. Digər tərəfdən, Gürcüstana 6 milyon turistin gəldiyini deyirlər. Bu, əslində belə deyil. Turist - hansısa ölkədə 24 saatdan çox qalana deyirlər. Gürcüstanda isə 6 milyonun 60 faizi tranzit vasitəsilə keçənlərdir. Özüm Gürcüstandan olduğum üçün o bölgəyə yaxından bələdəm. Qazax, Ağstafada qalanlar sərhədi keçib "duty-free"dən nəsə alıb qayıdırlar. Əslində onlar turist sayılmırlar. Gürcüstan tərəfinin özü də bunu etiraf edir ki, 60 milyonun 60 faizi gəlmələrdir. Onlar ya tranzit keçənlər, ya da bir günlük ziyarətçidirlər. Turist qalan 40 faizdir. Məsələn, Ermənistandan Rusiyaya elə Gürcüstan ərazisindən 3-4 saata keçirlər. Belələrinə turist demək nə dərəcədə düzgündür? Azərbaycana isə 2 milyondan artıq turist səfər etsə də, onların 90-95 faizi ölkədə 24 saatdan çox qalanlardır.

- "Minsk-2019"un direktoru Yevgeni Katulin çıxışında belə bir məsələ qaldırdı: İdman obyektləri ərazisində turizmin inkişaf etdirilməsi. Bu variantı nə dərəcədə səmərəli sayırsınız?

- Bununla bağlı Azərbaycanın Gənclər və İdman Nazirliyi daha ətraflı mövqe ortaya qoya bilər. Amma bilirəm ki, bizdə belə bir təcrübə var. Nəinki idman obyektlərinə, hətta zavodlara turistləri aparıb-göstərirlər. Hansısa ərzağın, məhsulun necə hazırlanması da turistlər üçün çox maraqlı ola bilər. Azərbaycanda isə Bakı Olimpiya Stadionunun maraqlı turizm obyekti sayılması mümkündür.

- Sizcə, II Avropa Oyunlarını böyük qənaətlə təşkil etməklə, Belarus qazanacaq, yoxsa itirəcək?

- Bu, özlərindən asılıdır. Onlar islahatlar həyata keçirsələr və turistlər ölkəyə rahat gəlməyə başlasalar, udacaqlar. Əks halda, bu, yalnız idman, imic tədbiri təsiri bağışlayacaq. Çünki tədbirə uzağı 5-6 min nəfər gələ bilər. Üstəlik, Belarusun o qədər də oteli yoxdur. Bu qədər insanın xərclədiyi vəsait çox da böyük gəlir deyil. Ona görə də II Avropa Oyunlarından sonra - 2020-ci ildə ölkədə inkişafın baş verib-verməyəcəyinə baxmaq lazımdır. 

Son xəbərlər

Orphus sistemi