Filippin uzunmüddətli viza sahiblərini avqustdan qəbul edəcək

Turizm
  • 17 iyul, 2020
  • 08:51
Filippin uzunmüddətli viza sahiblərini avqustdan qəbul edəcək

Filippində yoluxucu xəstəliklərə qarşı mübarizə üzrə qurumlararası işçi qrupu uzunmüddətli vizaları olan əcnəbi vətəndaşların avqustun 1-dən etibarən ölkəyə girişinə icazə verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Prezident Administrasiyasının bu gün yaydığı bəyanatda deyilir.

Qeyd olunur ki, ölkəyə giriş zamanı əcnəbilər qüvvədə olan etibarlı vizalara sahib olmalıdırlar. Bu isə o deməkdir ki, hələlik Filippinə yeni vizalarla daxil olmaq mümkün deyil.

Bundan əlavə, əcnəbi vətəndaşlar ixtisaslaşdırılmış karantin mərkəzində yer sifariş etməli və koronavirus testindən keçməlidirlər.

Qeyd edək ki, Filippində koronavirusa yoluxma halının ilk dəfə qeydə alındığı yanvarın 30-dan bəri 61,2 mindən çox insan virusa yoluxub, 21,4 mindən çox xəstə sağalıb, 1,6 min adam ölüb.