Bakı. 29 iyun. REPORT.AZ/ Məşhur "CNN Travel" saytı Naftalanın unikal müalicəvi neftinə həsr olunmuş məqalə dərc edib.
"Report" xəbər verir ki, məqalədə bu neftin emal üçün uyğun olmadığı, lakin müalicəvi özəlliklərə məxsus olduğu və insanların qədim zamanlardan bu neftdə çimdiyi vurğulanıb.
"İldə, təxminən, 15 min nəfər bura gəlir, yerli sakinlərin "yerin qatı qanı" adlandırdığı isti neft vannası qəbul edirlər. Naftalan neftinin 70-dən çox dəri, oynaq və sümük xəstəliklərinin müalicəsinə xeyirli olduğu məlumdur. Bu sort neftdən dezinfeksiyaedici, iltihab əleyhinə və hətta keyidici vasitə kimi istifadə edirlər", - məqalədə deyilir.
Qeyd olunur ki, Naftalan kurortunun özü dağətəyi ərazidə yerləşir, orada hava təmizdir və bu, müalicənin tez nəticə verməsinə yardım edir.
Məqalədə bu neft barəsində hələ XII əsrdə Azərbaycan şairi Nizami Gəncəvinin yazdığı göstərilib. Vurğulanıb ki, N.Gəncəvi neftin ticarət karvanları ilə qonşu ölkələrə ixrac edildiyini yazıb. XIII əsrdə isə bu neftin unikal xüsusiyyətləri haqqında məşhur italyan tədqiqatçı Marko Polo da yazıb.