Bakı. 16 fevral. REPORT.AZ/ Bakıda “Caspian European Club”un turizm komitəsinin iclası keçirilib.
“Report” Kluba istinadən xəbər verir ki, komitənin rəhbəri Elşən Rəhimovun sədrliyi ilə keçirilən iclasda turizm şirkətlərinin rəhbərləri və nümayəndələri üzləşdikləri problemlərin həlli yollarını müzakirə ediblər.
İrəli sürülən təklifləri “Caspian European Club”un hüquq komitəsi öyrəndikdən sonra onlar müvafiq dövlət qurumuna göndəriləcək. Müzakirələrin yekunu olaraq dövlət qurumları ilə işçi qrup çərçivəsində Prezident İlham Əliyevə təqdim etmək üçün xüsusi hesabat və təkliflər paketi hazırlanacaq.
Xatırladaq ki, “Caspian European Club” Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və “Caspian Energy International Media Group”un iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb.