2040-cı ilə qədər Bakıda tarixi abidələrlə yeni tikililər arasında məntiqli əlaqələndirmə yaradılacaq.
“Report” xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
"Bakının zəngin tarixi özünü şəhər ərazisindəki abidə və tikililərin çoxluğunda biruzə verir. Baş plan keçmiş, indiki, gələcək zamanlar arasında körpünün qurulması ilə şəhərin bütün qonaqlarında şəhər haqqında müsbət təəssüratların yaradılması məqsədi daşıyır. Bakının yeni müəyyən edilmiş Mərkəzi Planlaşdırma Rayonunda tarixi binaların qorunması, mövcud və gələcək tikililər (Port Baku kimi) arasında məntiqli əlaqələndirmənin (piyada, açıq məkanlardan ibarət dəhlizlər) qurulması üzrə müvafiq tənzimləmələr tətbiq olunacaq və bu, şəhərin tarixi simasını qorumağa imkan verəcək", - deyə Baş planda qeyd olunub.