Bakıda ənənəvi Beynəlxalq Turizm və Səyahətlər Sərgisi keçirilir

Bakıda ənənəvi Beynəlxalq Turizm və Səyahətlər Sərgisi keçirilir Sərgi aprelin 7-nə qədər davam edəcək
Turizm
5 Aprel , 2018 10:20
Bakıda ənənəvi Beynəlxalq Turizm və Səyahətlər Sərgisi keçirilir
Report/ Elchin Murad

Bakı. 5 aprel. REPORT.AZ/ Bu gün Bakıda 17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (AITF-2018) Sərgisi işə başlayıb.

“Report” xəbər verir ki, aprelin 7-nə qədər davam edəcək sərginin əsas təşkilatçısı “Iteca Caspian” şirkətidir. 

Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən sərgi turizm bazarının iştirakçılarını, dövlət strukturlarını, yerli və regional turizm təşkilatlarının nümayəndələrini eyni platformada bir araya gətirib. Xəzəryanı regionun turizm sənayesinin bu əsas sərgisində mühüm görüşlərin keçirilməsi, tərəfdaşlıq müqavilələrinin imzalanması, habelə yeni proqram və turizm marşrutlarının elan edilməsi gözlənilir.

Qeyd edək ki, bu il sərgidə 20 ölkəni təmsil edən 277 şirkət iştirak edir. Burada müxtəlif turizm istiqamətləri, hava yolları və otel şəbəkələri, eləcə də turizm sahəsi üzrə digər xidmət növləri təqdim edilir. İştirakçılar arasında Azərbaycan, Bolqarıstan, Çexiya, Dominikan, Gürcüstan, Indoneziya, İtaliya, İsveçrə, Mərakeş, Rusiya, Sloveniya, Tailand, Türkiyə və bir sıra digər ölkələri təmsil edən şirkətlər yer alır. 

Sərgidə “Tibbi və Sağlamlıq Turizmi” sektoru geniş təqdim olunacaq. Bu sektorun iştirakçıları istirahət məkanlarını seçməklə yanaşı, yüksək ixtisaslı tibbi xidmətlərdən də faydalanmaq üçün müxtəlif imkanlar nümayiş etdirəcəklər. “AITF 2018” sərgisinin tərəfdaş ölkəsi hər il mütəmadi olaraq öz milli stendi ilə çıxış edən Bolqarıstandır. 

Son xəbərlər

Orphus sistemi