Tbilisi. 5 sentyabr. REPORT.AZ/ Gürcüstana səfər edən əcnəbilər arasında ən az pul xərcləyənlər Azərbaycan vətəndaşlarıdır.
“Report”un yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının araşdırmasında bildirilib.
Araşdırmaya əsasən, 2018-ci ilin II rübündə azərbaycanlı turistlər qonşu ölkədə orta hesabla 349 lari (230 manat) xərcləyiblər. Bu ilin I rübü ilə müqayisədə Azərbaycan vətəndaşlarının qonşu ölkədəki orta xərci 52 lari (34 manat) azalıb.
Hesabat dövründə Gürcüstanda ən çox pul xərcləyənlər rusiyalı turistlər (1 253 lari/825 manat) olub. Türkiyəli (865 lari/570 man) və erməni turistlərin də (578 lari/380 manat) orta xərcləri çox olub.
Gürcüstana səfər edən əcnəbi ziyarətçilərin ümumi xərcləri 1,9 mlrd. lari (726,692 mln. ABŞ dolları) təşkil edib. Ziyarətçilər bir səfər ərzində orta hesabla 1 144 lari (437 dollar) xərcləyiblər. Xərclərin 27%-i qida və içkilər, 22,1%-i yerləşmə, 18,4%-i mədəni və əyləncə xidmətləri, 15,5%-i alış-veriş, 6,8%-i yerli nəqliyyata, 10,3%-i isə digər xidmətlərə sərf olunub.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandan Gürcüstana 956 057 nəfər, təkcə avqust ayında isə 200 454 nəfər səfər edib.