Azərbaycanın turizm sənayesi Novruz bayramına necə hazırlaşır?

Azərbaycanın turizm sənayesi Novruz bayramına necə hazırlaşır? Bu ay Azərbaycanda Novruz bayramı qeyd olunacaq
Turizm
1 Mart , 2024 13:40
Azərbaycanın turizm sənayesi Novruz bayramına necə hazırlaşır?

Bu ay Azərbaycanda Novruz bayramı qeyd olunacaq.

Hər il olduğu kimi, bu il də bayramla əlaqədar ölkədə bir neçə gün ardıcıl olaraq qeyri-iş günləri elan edilib.

Bu da o deməkdir ki, ölkə vətəndaşları dincəlmək üçün regionlardakı hotellərə üz tutacaqlar. Bəs turizm sənayesi bayrama necə hazırlaşır? "Report" mövzunu bazar iştirakçıları ilə müzakirə edib.

"Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası"nın İdarə Heyətinin sədri, eyni zamanda "Azərbaycan Ekoturizm Assosiasiyası"nın İcraçı direktoru Samir Dübəndi "Report"a bildirib ki, ölkədəki 5 ulduzlu hotellər bayram günlərinə artıq satışlarını bitiriblər:

"Bununla belə, vətəndaşların seçim imkanları çoxdur. Regionlarda alternativ yerləşdirmə vasitələrinin təklifləri artmaqdadır - "A frame", "camp" tipli qonaq evləri, kənd evləri, hostellər, ferma və təsərrüfatlar var. Bu növ gecələmələri seçən turistlərin bir çoxunun adətən səyahət məqsədləri daha spesifik olur, misal üçün, şərab sevərlər fermalara, üzüm tarlalarına, emal müəssisələrinə üz tutur, "yaşıl turizm" sevərlər "camp"larda qalmağı xoşlayır, kənd həyatına qatılmaq, mövsümü məhsul yığımında iştirak etmək, ev heyvanlarına qulluq etmək məqsədilə gələn turistlər kənd evlərində qalmağa üstünlük verir", - deyə o qeyd edib.

S.Dübəndinin sözlərinə görə, bayram günlərində əsas turist axını ölkənin bir neçə inkişafda olan destinasiyalarına yönələcək: “Bu destinasiyalar əsas turist yükünü qəbul edirlər. Regional yerləşmə vasitələrinin satışı yüksəkdir. Hazırda görürük ki, 35-100 manat arası iki nəfərlik səhər yeməyi daxil gecələmə xidmətləri bayram günlərinə məhdud sayda olsalar belə yalnız müxtəlif satış platformalarında və digər satış kanallarında mövcuddur”.

Turizm üzrə ekspert hesab edir ki, bayram günlərində Azərbaycana gələn turistlərin sayında da canlanma olacaq: “Koronavirus (COVID-19) pandemiyasından öncə Novruz Bayramı münasibətilə ölkəyə xeyli sayda İran, Türkiyə, Rusiya, Gürcüstan turistləri gəlirdilər. Hazırda bu coğrafiya bir qədər dəyişib. Körfəz ölkələrindən və Asiyadan olan turistlər daha yüksək dinamika göstərirlər. Azərbaycanda istirahət edən turistlərin sayı öncəki illərlə müqayisədə artmaqdadır".

"Azərbaycan Turizm Agentlikləri Assosiasiyası"nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov isə deyir ki, bayram günlərində turizm sektorunda qiymətlər adi günlərlə müqayisədə yenə də fərqli olacaq: "Qiymətlər çox yüksək olmasa da, turizm mövsümü olduğu üçün bahalaşma ola bilər. Bu təkcə ölkə daxilində deyil, ölkədə xaricində dincəlməyə də aiddir. Adətən Novruzda vətəndaşlarımız Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə səfər edirlər. Bu istiqamətlərdə qiymət fərqi var. Amma daxili turizmdə kimi kəskin fərq yoxdur".

Azərbaycan Turizm Peşəkarları Təşkilatının sədri Ceyhun Aşurov isə hesab edir ki, bu il də Novruz bayramı günləri Ramazan ayına təsadüf etdiyindən tətil üçün həm ölkə daxilinə, həm də ölkə xaricinə üz tutanların sayının az olacağını proqnozlaşdırmaq olar: "Orucluğa görə bəzi inanclı insanların səfərlərini təxirə salması və yaxud da onu o qədər də aktiv keçirməməsi mümkündür. Qiymətlərə gəlincə isə ötən illə müqayisədə kəskin fərq gözləmirəm. Çünki bunun üçün ciddi əsas yoxdur".

Son xəbərlər

Orphus sistemi