Pandemiyanın hələ də davam etməsinə baxmayaraq artıq turizm sektorunda reabilitasiya işlərinə başlanılıb.
Bu barədə “Report”a açıqlamasında ölkədə fəaliyyət göstərən turizm şirkətlərindən birinin rəhbəri Rəhman Quliyev məlumat verib.
Onun sözlərinə görə, bir sıra ölkələrə uçuşların bərpası sektorda canlanma yaradıb:
“Pandemiya dövründə turizm sektoru demək olar bütünlüklə süqut etmişdi. Sektor vəziyyətini hələ də tam bərpa etməyib. Quru sərhədlərinin bağlı olması, ölkədən xaricə uçuşlar həyata keçirən aviaşirkətlərin uçuşlarında məhdudiyyətlər turizmin inkişafına mənfi təsir etdi. Hələ də quru sərhədlərin açılmaması bazara mənfi təsirini göstərir. Buna baxmayaraq bəzi reyslərin bərpa olunması nisbətən canlanma yaradır”.
R.Quliyev Azərbaycana turist axınının mütəmadi olmasına təsir edən amilləri sadalayıb:
“Bu gün ölkələr arasındakı siyasi konflikt bizə imkan yaradır ki, Azərbaycana turist axınını gücləndirək. Bu gün Azərbaycanda Körfəz ölkələrindən turist axınını bərpa etmək üçün müəyyən addımlar atılır. Eləcə də Uzaq Şərqdən, Avropa ölkələrindən, Amerika ölkələrindən Dövlət Turizm Agentliyi turist cəlb etməyə çalışır. Hesab edirəm ki, bu addımlar yaxın gələcəkdə Azərbaycanın turizm sektorunu pandemiyadan əvvəlki səviyyəyə gətirəcək. Ən başlıcası odur ki, Azərbaycan tolerant ölkədir və ictimai asayişin qorunmasına görə dünya ölkələri sırasında ilk yerləri tutur. Bu gün hegemon dövlətlərdə belə xaos olur, terror aktları baş verir. Azərbaycanda ictimai asayişin yüksək səviyyədə qorunması imkan verir ki, bura turist axını olsun”.
R.Quliyev hesab edib ki, bu gün yenə bütün imkanlarımızı səfərbər etməli və turizmin reabilitasiya dövrünə keçidi daha da sürətləndirməliyik.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 330 679 turist səfər edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
İlk dörd aylıq göstəricinin 84 402-si aprel ayının payına düşüb. Bu da 1 il əvvələ nisbətən 84,4 % çoxdur.
2022-ci ilin yanvar, fevral, mart və aprel aylarında 2021-ci ilin eyni dövrünə nisbətən turistlərin sayında müvafiq olaraq 105 %, 112 %, 112 % və 84 % artım qeydə alınsa da, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 61 %, 56 %, 61 % və 64 % geriləmə olub. Başqa sözlə, turist sektoru koronavirus (COVID-19) pandemiyasından əvvəlki göstəricini bərpa edə bilməyib.