Azərbaycanın turizm sektoru Yeni il bayramına necə hazırlaşır?

Azərbaycanın turizm sektoru Yeni il bayramına necə hazırlaşır? 2023-cü ilin gəlişinə - başqa sözlə Yeni il bayramına bir ay qalıb.
Turizm
29 Noyabr , 2022 14:31
Azərbaycanın turizm sektoru Yeni il bayramına necə hazırlaşır?

2023-cü ilin gəlişinə - başqa sözlə, Yeni il bayramına bir ay qalıb.

Hər dəfə olduğu kimi, bu dəfə də Azərbaycanın turizm sektoru bayrama xüsusi hazırlaşır.

Artıq həm paytaxtda, həm də regionlarda dekabr ayının son, yanvar ayının isə ilk günlərinə hotellərin bron edilməsinə başlanılıb. Potensial müştərilərə hotel nömrələri ilə yanaşı, həm də turpaketlər təklif olunur.

"Report" bu sahədə vəziyyəti, bazardakı qiymətləri araşdırıb.

"İstirahət obyektlərinə axın xeyli artıb"

"Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov deyir ki, koronavirus (COVID-19) pandemiyası artıq arxada qaldığından bu il regionlardakı istirahət obyektlərinə axın ötən illə müqayisədə xeyli artıb: "Vətəndaşlarımız əsasən qar görə biləcəkləri yerlərə, “Şahdağ” və “Tufandağ” kimi qış turizm komplekslərinə üz tutur. Qiymətlərə gəlincə isə təbii ki, bayram günlərində xidmət nisbətən baha olur. Bu da dünyanın hər yerində belədir. Üstəlik, Azərbaycanın bölgələrində hotellər azdır. Buna görə rəqabət zəifdir və qiymətlər aşağı olmur. Bəzi rayonlarımızda cəmi 1-2 hotel var. Bu halda hansı rəqabətdən danışmaq olar? Paytaxtda isə nisbətən hotellər çox olduğu üçün qiymətlər normaldır”.

Onun sözlərinə görə, yeni il ərəfəsində restoranlarda qiymətlər yüksək olacaq: "Bugünkü tarixə restoranlarda 60-70 manata təklif edilən menyu dekabrın 20-ə iki dəfə baha təklif edilir. Həmin menyular artıq indidən hazırdır. Bayram günlərində restoran qiymətlərinin yüksək olması normaldır. Amma bu qədər yüksək olması bir qədər absurddur. Məsələn, dekabrın 22-si və yaxud 23-ü tarixlərinə olan menyu ilə bu günlərdə təklif edilən menyu eynidir, amma qiymətlərində böyük fərq var. Restoranlarda menyuların və yeni il şənliklərinin ödənişi yüksək olduğu üçün turizm şirkətlərinin təqdim etdiyi turpaketlər də baha olur. Bunun isə səbəbkarı turizm şirkətləri deyil, həmin yüksək qiyməti təklif edən restoranlardır. Turizm şirkətləri isə bu qiymətlərin üzərinə cəmi 3-5 % komissiya haqqı qoyub turistlərə təqdim edir".

"Xaricdən Azərbaycana yeni il turları təklif edilir"

"Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Samir Dübəndi isə deyir ki, hazırda bir çox elektron platformalar və digər satış kanalları vasitəsilə Azərbaycana yeni il turları təklif edilir: "5-7 günlük olan bu turların qiyməti hotel seçimindən asılı olaraq 1 200-1 500 ABŞ dolları civarında dəyişir. Xarici turistlərin əsas axını Bakı, Naftalan, Qəbələ, Qusar, Şəki kimi şəhər və rayonların üzərinə düşür. Qeyd edilən destinasiyalar daxili turistlərlə yanaşı, xarici turistləri də qəbul edirlər”.

Onun sözlərinə görə, hazırda regionlardakı hotellərdə satışlar yüksək səviyyədədir: "Bir çox hotellər artıq indidən qiymətlərini qaldırıb. O cümlədən, yeni qonaq evləri və digər kiçik yerləşdirmə müəssisələrinin də təklifləri artıb və ötən ildən fərqli olaraq qiymətlərdə də bəzi dəyişikliklər müşahidə edilir. Əgər regionlarda fəaliyyət göstərən 5 ulduzlu hotellər bayram ərəfəsi və növbəti ilin günlərində 2 nəfərlik otaqları səhər yeməyi daxil 200-400 manat arası təklif edirlərsə, qonaq evlərində, kotteclərdə yer sayından asılı olaraq 100 manatdan 5 000 manata qədər fərqli qiymətlər görürük".

"Bayram günləri qiymət artımı turizm və qonaqpərvərlik sənayesinə xas olan xüsusiyyətlərdən biridir. Buna təəccüblənmək də olmaz. Yalnız onu tövsiyə edə bilərik ki, hər kəs öz istirahət günlərini, səyahətini öncədən planlasın. Bu halda turist daha geniş seçimlər və alternativ qiymətlərlə tanış ola, daha sərfəli turlar əldə edə bilər. Bu il qış turizm fəaliyyətləri, ekoturizm, o cümlədən kənd turizmi, aqroturizm kimi təkliflər də çoxalıb. Yalnız bu sahədə keyfiyyətli turizm məhsulları təklifləri hələ ki azdır”, - S.Dübəndi əlavə edib.

Son xəbərlər

Orphus sistemi