Azərbaycanın turizm ölkəsi olacağı iddialı bir vaxtda xidmət sektoru ilə bağlı daimi şikayətlər eşitməyimiz xoş olmasa da, qaçılmaz həqiqətdir. Xüsusilə də restoran biznesində çalışan şəxslərdən, konkret olaraq masalara xidmət edən ofisiantlardan narazılıqlar aktual bir məsələlərdəndir. Ofisiantların peşələrinin öhdəsindən gələ bilmədiyini, müştərilərə nəzakətli münasibət bəsləmədiyini, diqqətsiz yanaşdıqlarını deyənlərin sayı az deyil.
“Azərbaycan Turizm Agentlikləri Assosiasiyası”nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov "Report"a bildirib ki, bu peşə ilə bağlı təhsil ocaqlarının sayı artmalıdır:
“Bu sahədə çalışanlar peşələrinə müvəqqəti iş kimi yox, bir imkan kimi baxmalıdırlar. Ofisiant kimi işə başlayıb menecerə, restoran idarəçiliyinə kimi yüksəlmək olar. Bunun üçün bir az maarifləndirmə də olmalıdır. Hesab edirəm ki, bizdə də ofisiant peşəsinin kursları, məktəbləri çox olmalıdır”.
G.Qəhrəmanovun sözlərinə görə, Azərbaycanda ofisiant işi qısa müddətli olur:
“Bu sahədə çalışanların əksəriyyəti gənclərdir və müvəqqəti bir gəlir yeri kimi baxırlar. Xarici ölkələrdə buna uzunmüddətli sənət kimi baxırlar. Xaricdə ofisiant peşəsi üzrə məktəblər fəaliyyət göstərir və bu, sənət kimi qəbul edilir. Xaricdə ofisiantlar var ki, 20, 30, 40 il bu sahədə çalışır. Amma bizdə təəssüf ki, belə deyil”.
Qeyd edək ki, hazırda ofisiantların hazırlığı Bakı turizm peşə məktəbi və peşəkar ofisiant kursları tərəfindən aparılır.
“Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri, eyni zamanda Azərbaycan “Ekoturizm Assosiasiyası”nın icraçı direktoru Samir Dübəndi isə "Report"a açıqlamasında bildirib ki, ofisiant peşə ixtisasına əhali arasında münasibət birmənalı deyil.
“Kimsə bu işə müvəqqəti iş kimi baxır, misal üçün tələbəlik dövründə özünü dolandırmaq üçün, kimsə daha rahat iş tapana kimi tranzit zona kimi qəbul edir, bəziləri isə özlərinə heç bu işi yaraşdırmırlar, hesab edirlər ki, ofisiant işləmək heç bir bilik, bacarıq tələb etmir. Dövlət Məşğulluq Agentliyinin reyestrinə ofisiant peşəsi üzrə peşə və kvalifikasiya standartları təsdiq edilərək, daxil edilib. Buna baxmayaraq, bu sahədə çalışan personal tərəfindən standartların tələblərinə riayət olunması ilə bağlı kifayət qədər tədbirlər görülməyib”.
S.Dübəndi vurğulayıb ki, ofisiant peşəsinin imicini artırmaq, bu sahədə daha yüksək xidmət səviyyəsinə nail olmaq və keyfiyyətli məşğulluğu təmin etmək məqsədilə peşə və kvalifikasiya standartlarının geniş miqyasda tətbiq edilməsinin vaxtı yetişib:
“Qonaqpərvərlik sənayesində çalışan bir qeyri-peşəkar ofisiant ümumi xidmət komfortunun pozulmasına hansı mənfi təsirlər göstərə bilər. Bu işi kiçik mərhələlərlə görmək mümkündür - ilk növbədə bu sahədə çalışan personalın peşə kvalifikasiyasını yoxlamaq, aşağı biliyə malik olanlara təlimlər təklif etmək, təkrar olaraq onların kvalifikasiyasının təsdiq etmək üçün imkan yaratmaq olar. Beləliklə, uzun müddət ofisiant peşəsində çalışan bir insan peşə kvalifikasiyasını təsdiqləyə bilər”.
Ekspert qeyd edir ki, bu sahədə çalışan təcrübəli personalın qida təhlükəsizliyi, gigiyena və sanitariya, ümumilikdə Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (SƏTƏM) və digər tələblər üzrə məlumatlılığı çox aşağı səviyyədə olur.
“Belə halda peşə kvalifikasiyasının təsdiqi mümkün deyil. Yarımçıq peşəkar olmur. Oxşar vəziyyət digər ölkələrdə də mövcuddur. Müəssisənin dərəcəsindən, kateqoriyasından asılı olaraq ofisiant və digər personalın kvalifikasiyası da dəyişir. Qonaqpərvərlik sənayesi bir biznes olaraq, iqtisadi fəaliyyət sahəsi kimi, bu sektorda çalışan personalın yüksək xidmət mədəniyyətinin olmasını tələb edir”.
"Azərbaycan Turizm Peşəkarları Təşkilatı" İctimai Birliyinin sədri Ceyhun Aşurov qeyd edib ki, Azərbaycanda ofisiant peşəsinin formalaşmaması təhsillə bağlıdır:
“Azərbaycanda bir çox peşə məsələlərinə yanaşma fərqli olur. Ofisiantlıq peşəsinin cəmiyyətdə qəbul olunduğu məfhumla bağlıdır ki, bu peşəyə nə qədər ciddi yanaşılır, cəmiyyətdə necə qəbul edilir? Əslində əmək bazarına daha tez qoşula bilən, kifayət qədər gəlirli bir peşədir. Dünyanın bir çox yerlərində 40-50 yaşında masa xidmətçilərini görə bilərik, daha peşəkardırlar və ciddi gəlirlərə malikdirlər”
Ekspertin sözlərinə görə, Azərbaycanda bu peşəyə gələn insanlar müvəqqəti iş kimi, tramplin kimi və yaxud heç bir yerdə iş tapmadığı üçün işləməli olurlar.
“Nə qədər gəlirli də olsa, gənclərimiz buna ciddi iş kimi baxmırlar. Digər tərəfdən peşə məktəbində bu ixtisaslara qəbul olunanlar universitetə ya balı çatmayıb və yaxud da orta təhsil nəticələri elə də yüksək olmayan gənclərdir. Orada da həvəsi olmadan o peşəni oxuyurlar və nəticədə bu şəkildə zamanlarını keçirirlər. Peşə məktəbində bu sahəni oxuyanlar əvvəldən ötəri yer kimi baxdıqları üçün bu sahəni sevməyən amma elə bir ixtisası olan insanlar olur. Təbii ki, öz peşəni sevmirsənsə, orada dərinləşmək istəmirsənsə, hər hansı bir uğurlu nəticəyə gəlinəcəyini demək bir az çətindir”.