Dünyada 1980-ci illərdən meydana çıxan ekoturizm anlayışı özündə dayvinq, kempinq, trekkinq, raftinq, haykinq, atla gəzintilər, təbiətdə piyada gəzintilər, xizək sürmə, dağa dırmanma, alpinizm, ekologiya turizmi, yaşıl kənd turizmi, aqrar turizm və digər fəaliyyət növlərini birləşdirir. Azərbaycanda da son illər bu turizm fəaliyyətlərinə maraq var. Xüsusilə pandemiyadan sonra insanlarımız təbiətə səyahətlər etməyə daha çox meyl edir.
Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi “Report”a açıqlamasında bildirib ki, Azərbaycanda ekoturizm sahəsini inkişaf etdirmək üçün güclü potensial var.
Milli parklara giriş sayını artıra bilərik
Onun sözlərinə görə, son illər Azərbaycanda ekoturizm fəaliyyətləri artıb: "Bizim 10 milli parkımız var. Bunlar xüsusi mühafizə olunan ərazilərdir. Həmin ərazilərdə ekoturizm fəaliyyətlərini qurmaq və inkişaf etdirmək bizim məqsədimizdir. Milli parklarımızın ərazisi Azərbaycanın ümumi ərazisinin təxminən 4,8 %-ni təşkil edir.
Milli parklara nəzarət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətindədir. Biz də bu qurumla müvəffəqiyyətlə əməkdaşlıq edirik. Müxtəlif tədbirlərdə həm özümüz iştirak edir, həm də milli parklara gələn qonaqların sayının artmasına xidmət edən layihələr təklif edirik. Bu gün milli parklara üz tutan vətəndaşlarımız çox deyil. Onların sayını çoxaltmaq olar. Amma ekoturizmdə insan axınını ciddi nəzarətdə saxlamaq və tənzimləmək lazımdır. Çünki bu ərazilər xüsusi mühafizə olunan yerlərdir. Buna görə də ekoloji standartlara riayət etməklə turistlərin sayını ciddi tənzimləməliyik”.
Milli parklarımızda kempinq çadırları qurulacaq
S.Dübəndi qeyd edib ki, Azərbaycanda yeni ekoturizm marşrutları və yerləşmə yerləri yaradılacaq:
“Hazırda Dövlət Məşğulluq Agentliyi ilə birlikdə ekoturizm üzrə yeni layihə üzərində çalışırıq. Bu layihə yaxın gələcəkdə milli parkların ərazisində ekoloji standartlara cavab verən yerləşmə vasitələrinin yaranmasına imkan verəcək. Bu layihədə kempinq və qlempinq üçün yerlərin, yüksək komfortlu çadırların yaradılması nəzərdə tutulur. Belə yerləşmə vasitələrinin yaradılması ilə insanlar təbiətə yaxın yerlərdə gecələyə biləcəklər. Həmin yerləşmə vasitələrinin ətrafında turizm potensialı və qidalanma yerlərinin yaradılması da vacib məsələdir. Hazırda bu istiqamətdə işlər gedir. Artıq Ekologiya Nazirliyi tərəfindən milli parkların ərazisinə müxtəlif marşrutlar hazırlanıb. Bu marşrutları bir də nəzərdən keçirib bəzilərini təkmilləşdirmək lazımdır".
Bəzi ərazilərə giriş üçün icazə almaq vaxt aparır
Assosiasiya rəhbəri bildirib ki, bu gün Azərbaycanda fiziki şəxslər və ya şirkətlər ekoturizm fəaliyyətləri təklif edir: "Bu sahədə ixtisaslaşmış kiçik agentliklər və fərdi sahibkarlar da meydana gəlib. Assosiasiya olaraq onları dəstəkləyirik və fəaliyyətlərinə töhfə verməyə çalışırıq. Bu yolda bəzi çətinliklərlə də üzləşirik. Bunlardan biri də bəzi fəaliyyətlər zamanı icazələrin alınmasıdır. Məsələn, yelkən turizmi zamanı dənizə çıxarkən Dövlət Sərhəd Xidmətindən icazə alınmalıdır. Belə icazələrin alınması bir qədər vaxt aparır. Bəzən bu icazələri öncədən almaq bir qədər çətin olur. Odur ki, biznes subyektlərinin rahatlığı üçün dövlət qurumları ilə danışıqlar aparırıq".
Azərbaycanda ekoturizm qiymətləri əlçatandır
S. Dübəndi ekoturizm marşrutları üçün təklif edilən qiymətlərdən də danışıb.
O, hesab edir ki, bu fəaliyyətlər yeni yarandığından bazarda formalaşmış qiymət siyasəti yoxdur və təklif edilən qiymətlər fərqlidir: "Bu gün regionlara ekoturizm səyahətləri təklif edilir. Bunların çoxu bir və ya bir neçə günlük marşrutlar üzrə haykinq, trekkinq fəaliyyətlərinə qatılmaqdır. Qiymətlər isə həmin turun daxilindəki fəaliyyət və xidmətlərdən formalaşır. Bəzi paketlərdə xidmət sayı az olur. Bəzilərində yalnız bələdçi xidməti təklif edilir. Digər paketlərdə isə qidalanma və gecələmə xidmətləri də olur. Ona görə də qiymətlər fərqlidir. Amma bu qiymətlər turistlər üçün əlçatandır”.
Beynəlxalq sertifikatlı dağ turizm bələdçilərimiz olmalıdır
Assosiasiya rəhbəri dağ turizmi sahəsində ölkədəki çatışmazlıqlardan danışarkən bildirib ki, dağ turizmi marşrutları üçün Azərbaycanın müxtəlif zirvələri var:
"Amma biz Azərbaycana gələn turistləri həmin marşrutlara çox yönəldə bilmirik. Burda müxtəlif səbəblər var. Məsələn, dağ turizm marşrutları üzrə bələdçilərin hazırlanması beynəlxalq sertifikatlaşma tələb edir. Həmin sertifikatı almaq üçün bələdçilər azı 3-4 il xaricdə təhsil almalı, xizək sürmə, dağa dırmanma və başqa fəaliyyətlər üzrə imtahanlar verməli, ilkin tibbi yardımın göstərilməsi, xilasetmə qaydalarını bilməlidir. Bu təhsili dünyada iki yerdə, Kanada Alpinistlər Federasiyası və İsveçrə Alpinistlər Federasiyasının nəzdindəki məktəblərdə almaq olur. Biz bu gün bu prosesə başlasaq 3-4 ildən sonra dağ marşrutları üzrə peşəkar bələdçilərimiz formalaşa bilər".
Onun sözlərinə görə, ölkənin milli peşə kvalifikasiyasında da dağ turizm marşrutları üzrə bələdçi ixtisası təsdiqlənib və bu ixtisasın həm peşə, həm də kvalifikasiya standartları var: "Beynəlxalq sertifikatların alınması isə ona görə zəruridir ki, xaricdən gələn alpinist burda dağ turizm maşrutlarına qatılmaq üçün yerli bələdçiyə etibar etməlidir. Bu məsələ hazırda gündəmdədir. Bu barədə bir neçə dəfə müxtəlif qurumlara müraciət etmişik və bildirmişik ki, kimsə bu sahəni öz üzərinə götürüb maliyyələşdirməlidir. Çünki bu sahədə təhsil ucuz deyil. Bu prosesləri keçdikdən sonra Azərbaycana xaricdən alpinistləri dəvət edə bilərik”.