Onlayn bronlaşdırma sistemi olan booking.com-da bu ilin yanvar-aprel ayları üçün Azərbaycanın şəhər və rayonlarındakı 4 ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 109 manat təşkil edib.
“Report” Dövlət Turizm Agentliyinin hesabatına istinadən araşdırmasına görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36 % azdır.
Hesabat dövründə ən yüksək qiymət 223 manat olmaqla Naftalanda qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12 % çoxdur.
İkinci yerdə 143 manat olmaqla Qaxın hotelləri qərarlaşıb. Bu, 1 il əvvələ nisbətən 5,1 % çoxdur.
4 ulduzlu hotellər arasında üçüncü yeri isə 121 manat olmaqla Qəbələ tutub. Bu şəhərdə orta qiymət illik müqayisədə 47,5 % artıb.
İsmayıllıda 4 ulduzlu hotellərdə bir gecə qalmaq 120 manata (7,2 % çox), Qubada 114 manata (14 % çox), Qusarda 114 manata (10,2 % çox), Bakıda 109 manata (44,5 % az), Gəncədə 107 manata (1 % çox), Şəkidə 105 manata (16 % çox), Astarada 100 manata (13,1 % az), Göyçayda 90 manata (ötən ilin eyni dövründə rayonda 4 ulduzlu hotel olmayıb), Lənkəranda 65 manata (11,5 % az), Sabirabadda 55 manata (qiymət dəyişməyib) başa gəlib.