Azərbaycana turist axını 15% azalıb

Azərbaycana turist axını 15% azalıb Bu ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 151 ölkəsindən 519,3 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 15% az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Turizm
17 Aprel , 2020 13:36
Azərbaycana turist axını 15% azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 151 ölkəsindən 519,3 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 15% az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, azalmanın əsas səbəbi koronavirus (COVID-19) pandemiyasının qarşısının alınması məqsədilə bu il fevralın 29-dan İran, martın 14-dən Gürcüstan, martın 15-dən Türkiyə, martın 18-dən isə Rusiya ilə dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrindən vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunmadıdır. Son nəticədə martda ölkəmizə gələnlərin sayı fevralla müqayisədə 53,4%, ötən ilin martı ilə müqayisədə isə 62,2% azalıb.

I rübdə gələnlərin 30,3%-i Rusiya, 28,3%-i Gürcüstan, 11,7%-i Türkiyə, 5,9%-i İran, 2,4%-i Hindistan, 2,3%-i Səudiyyə Ərəbistanı, 2%-i Ukrayna, hər birindən 1,5% olmaqla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Pakistan, 1,4%-i Küveyt, 1,3%-i Qazaxıstan, 1,2%-i Türkmənistan, 1%-i İraq, 0,9%-i Böyük Britaniya, 0,8%-i Özbəkistan, 0,7%-i İsrail, 6,7%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 73%-ni kişilər, 27%-ni isə qadınlar təşkil etib.

Son 1 ildə BƏƏ-dən gələnlərin sayı 62,4%, Çindən gələnlərin sayı 52,7%, İrandan gələnlərin sayı 45,9%, Omandan gələnlərin sayı 45%, İraqdan gələnlərin sayı 41%, ABŞ-dan gələnlərin sayı 31,7%, İspaniyadan gələnlərin sayı 29,7%, Qətərdən gələnlərin sayı 27,8%, İtaliyadan gələnləron sayı 27,3%, Niderlanddan gələnlərin sayı isə 23,2% azalıb.

Ümumilikdə körfəz ölkələrindən gələnlərin sayı 36,3% azalaraq 68,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 22% azalaraq 14,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 6,3% azalaraq 189,6 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 64,9%-i dəmir yolu və avtomobil, 33,8%-i hava, 1,3%-i isə dəniz nəqliyyatından istifadə edib.                                                                     

Son xəbərlər

Orphus sistemi