Azərbaycana gələn müsəlman turistlərin sayında ciddi artım olub

Azərbaycana gələn müsəlman turistlərin sayında ciddi artım olub Bu barədə Bakıda keçirilən “Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar” standartı ilə bağlı seminarda bildirilib
Turizm
25 Aprel , 2017 10:52
Azərbaycana gələn müsəlman turistlərin sayında ciddi artım olub

Bakı. 25 aprel. REPORT.AZ/ Bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) Mədəniyyət və Turizm Nazirliyi ilə birgə Bakıda “Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar” standartının tələblərinə həsr olunmuş seminar keçirib.

"Report" xəbər verir ki, tədbir Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları öncəsi və son zamanlar müsəlman ölkələrindən çoxsaylı turist axını nəzərə alınaraq təşkil olunub. 

Seminarda çıxış edən Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru vəzifəsinin müvəqqəti icraçısı Namiq Tağıyev ölkənin multikultural dəyərlərini özündə ehtiva edən yeni halal turizm modelinin yaradıldığını bildirib: "Ölkə başçısının uğurlu siyasəti nəticəsində son illərdə əldə olunan dayanıqlı sosial-iqtisadi tərəqqi bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açıb. Turizm ehtiyatlarının öyrənilməsi, genişləndirilməsi, turistlərin tələbatının ödənilməsi üçün zəruri xidmətlərin təşkili və müasir standartlara uyğunlaşdırılması, sanatoriya-kurort imkanlarının genişləndirilməsi, mehmanxanaların və digər turizm obyektlərinin sayının artırılması, turizm marşrutlarının çoxaldılması istiqamətində böyük işlər həyata keçirilib. Son zamanlar müsəlman ölkələrindən ölkəmizə çoxsaylı turist axınını nəzərə alaraq cari ilin may ayında Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları öncəsi halal turizmlə bağlı beynəlxalq təcrübə öyrənilir. Müsəlman turistləri cəlb etmək məqsədi ilə onların halal prinsiplərə uyğun olaraq yaşayışı, qidalanması və asudə vaxtlarını səmərəli keçirməsi üçün stdandartda bir sıra tələblər öz əksini tapıb".

N.Tağıyev bildirib ki, bu tələblərə uyğun fəaliyyət göstərən mehmanxanalarda alkoqol və donuz əti istifadə olunmur: "Yalnız halal prinsiplər əsasında hazırlanan yeməklər və şəxsi gigiyena vasitələri istifadəçilərə təqdim edilir. Həmçinin kişilər və qadınlar üçün ayrıca su hovuzu və spa xidmətləri göstərilir. Ramazan ayında mehmanxana ziyarətçilərinə xüsusi xidmətlər olur".

Mədəniyyət və Turzim Nazirliyinin sektor müdiri Mahir Qəhrəmanov isə bildirib ki, Azərbaycanın müsbət turizm imicinin yaradılması və turizm məkanı kimi tanıdılması nəticəsində Körfəz ölkələri, eləcə də Çin, Koreya, Yaponiya, Malayziya və Sinqapur ilə münasibətdə sadələşdirilən viza sisteminin tətbiqi mövcud turist axınına müsbət təsirini göstərib: "Bu ölkələrin əksəriyyətindən ölkəmizə gələn müsəlman turistlərin sayında əsaslı artım qeydə alınıb. Belə ki, 2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycana İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə, Səudiyyə Ərəbistanından və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib. Ötən ilin ilk 3 ayı ilə müqayisədə bu ilin müvafiq dövründə İrandan 2 dəfə çox turist gəlib. Bu ilin mart ayında Novruz bayramı münasibətilə İrandan gələn turistlərin sayı yetmiş minədək artıb".

Azərbaycan Akkreditasiya Mərkəzinin ekspert-auditoru Əkbər Əliyev isə əlavə edib ki, artıq bir çox islam ölkələrində turizm və otelçilik sahəsində xidmətlər halal prinsiplər əsasında göstərilir: "Təkcə 2016-cı ildə müsəlman turistlər səyahətlər zamanı 140 mln. ABŞ dolları xərcləyib. Bu rəqəmin 2020-ci ilədək 180 mln. ABŞ dollarına qədər artacağı gözlənilir".

Son xəbərlər

Orphus sistemi