Bakı. 18 avqust. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələn turistlərin sayında əsaslı artım baş verib.
"Report" Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, təkcə bu ilin iyul ayında BƏƏ-dən ölkəmizə səfər edən xarici vətəndaşların sayı 10 073 nəfər təşkil edib. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 100 dəfə çoxdur.
BƏƏ-dən bu ilin yanvar-iyun aylarında Azərbaycana gələn xarici turistlərin sayı 10 086 nəfər təşkil edib.
Aparılan təhlil və araşdırmalar nəticəsində müəyyən olunub ki, BƏƏ digər Körfəz ölkələri ilə birlikdə Azərbaycanı turizm baxımından prioritet hesab edir.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Atlantis Holidays” MMC şirkəti arasında 2011-ci ildə “Körfəz əməkdaşlıq ölkələri – bazar əlaqələrində iştirakın istiqamətlənməsi və ictimai əlaqələr xidmətinin təmin edilməsi haqqında” müqavilə imzalanıb. Həmin ildən etibarən sözügedən ölkədə Nazirliyin təmsilçi ofisi fəaliyyət göstərməkdədir. 2011-ci ildən etibarən şirkət Körfəz ölkələrindən turistlərin cəlb olunması və ümumi turist ziyarətlərinin artırılması, turistlərin ölkəmizə səyahət etməsinin stimullaşdırılması, regionda Azərbaycanın maraqlarının şirkət tərəfindən təmsil olunması, Körfəz ölkələrində təbliğat və təşviqat kampaniyalarının təşkil olunması, birgə tədbirlərin keçirilməsi, reklamların yerləşdirilməsi, info və press turların təşkil edilməsi kimi işlər görüb. Ötən il ərzində Fars körfəzi ölkələrindən Azərbaycana gələn xarici vətəndaşların sayında 57,5% artım baş verib.