Azərbaycan “Worldfood Moscow” sərgisində mükafata layiq görülüb

Azərbaycan “Worldfood Moscow” sərgisində mükafata layiq görülüb Azərbaycanın pavilyonu sərginin təşkilatçısı olan “ITE Group” tərəfindən yüksək qiymətləndirilib
Turizm
13 Sentyabr , 2017 14:51
Azərbaycan “Worldfood Moscow” sərgisində mükafata layiq görülüb

Bakı. 13 sentyabr. REPORT.AZ/ Moskvada keçirilən XXVI “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisində vahid ölkə stendi ilə təmsil olunan Azərbaycan “Ən yaxşı debüt” mükafatına layiq görülüb. Bu barədə “Report”a Azərbaycan İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Sərginin yeganə eksklüziv partnyoru olan Azərbaycan “Worldfood Moscow”a ilk dəfə qatılsa da, Azərbaycanın pavilyonu sərginin təşkilatçısı olan “ITE Group” tərəfindən yüksək qiymətləndirilib.

Azərbaycanın vahid ölkə stendi milli üslubda hazırlanıb və burada ölkənin qədim adət-ənənələrindən olan xalçaçılıq sənəti, milli mətbəxi, musiqi və rəqsləri nümayiş olunur.

Qeyd edək ki, Azərbaycan “Worldfood Moscow” sərgisində 30-dan çox ixracatçı şirkətlə təmsil olunur. Yerli şirkətlərin məhsulları - meyvə şirələri, təbii mineral sular, şərab və spirtli içkilər, meyvə-tərəvəz, süd məhsulları, çay, fındıq, qənnadı məmulatları və konservləşdirilmiş qidalar “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunur.

“Worldfood Moscow” sərgisi sentyabrın 14-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi