Bakı. 29 yanvar. REPORT.AZ/ "Azərbaycan və İndoneziya turizm sahəsində əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır".
Bunu "Report"a açıqlamasında Azərbaycandakı diplomatik missiyasını başa vuran İndoneziyanın ölkəmizdəki səfiri Prayono Atiyanto deyib.
Onun sözlərinə görə, İndoneziyada azərbaycanlı turistlərə göstəriləsi çox şey var: "Məşhur Bali adasından əlavə, bizim 10 mindən çox adamız var. Onların hamısı bir-birindən gözəldir".
İki ölkə arasında çarter reyslərinin həyata keçirilməsindən danışan səfir 2 il əvvəl iş adamlarından birinin bu məsələyə maraq göstərdiyini, amma məsələnin tam həll olunmadığını deyib.
P.Atiyanto xatırladıb ki, İndoneziya turist kimi ölkəyə gələn Azərbaycan vətəndaşları üçün viza alınması prosesini sadələşdirib. O, Azərbaycanın da İndoneziya vətəndaşlarına qarşı eyni addımı atacağına ümid etdiyini bildirib.