Tbilisi. 27 aprel. REPORT. AZ/ "Azərbaycan və Gürcüstan regionları arasında iqtisadi, ticarət və turizm əlaqələrinin genişləndirilməsi üçün geniş imkanlar var".
Bu fikirləri "Report"un Gürcüstan bürosuna açıqlamasında bu ölkənin Kvemo Kartli bölgəsinin qubernatoru Qriqol Nemsadze söyləyib.
Onun sözlərinə görə, hazırda bu iki ölkə, eləcə də qonşu bölgələr arasında turizm və iqtisadi münasibətlərin inkişafı üçün hər cür şərait var: "Sərhədyanı regionlarımız kənd təsərrüfatı sahəsində əməkdaşlıq edirlər. Bu əməkdaşlığı daha da genişləndirmək, eləcə də turizm sahəsində əlaqələrimizi inkişaf etdirmək üçün xüsusi layihə hazırlanır. Bu layihədə bir sıra məsələlər nəzərdə tutulub. İyun ayında Azərbaycan tərəfi ilə həm hökumət, həm də region strukturları arasında görüş keçiriləcək. Bundan sonra layihənin icrasına başlanılacaq. Düşünürəm ki, bu layihənin reallaşması bizə çoxlu faydalar gətirəcək".
Qeyd edək ki, aprelin 27-də Tbilisidə Kvemo Kartli bolgəsinin turizm potensialının inkişaf perspektivlərinə həsr olunmuş layihənin təqdimatı olub. Tədbirdə Qriqol Nemsadze, Gürcüstan Milli Turizm Agentliyini rəhbəri Georgi Çoqovadze və başqaları çıxış edib, layihə barədə fikirlərini bölüşüblər. Təqdimat mərasimində azərbaycanlıların yığcam yaşadıqları Marneuli, Dmanisi, Bolnisi, Qardabani, Zalqa və Tetri-Skalo rayonlarında turizm imkanlarından və tarixi-mədəni abidələrindən bəhs edən film də nümayiş etdirilib.