Azərbaycan turizm markasını dünyaya tanıdır

Azərbaycan turizm markasını dünyaya tanıdır Azərbaycanda yeni brend hotellərin açılması ölkənin turizm markasının daha da tanınmasına xidmət edir.
Turizm
21 Dekabr , 2022 17:41
Azərbaycan turizm markasını dünyaya tanıdır

"Azərbaycanda yeni brend hotellərin açılması ölkənin turizm markasının daha da tanınmasına xidmət edir".

Bunu "Report"a açıqlamasında turizm üzrə ekspert Rəhman Quliyev dekabrın 19-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə “The Ritz-Carlton Baku” hotelinin açılışını şərh edərkən bildirib.

"Azərbaycan beynəlxalq təşkilatların tədbirlərinə, beynəlxalq yarışlara ev sahibliyi edir. Ölkəyə gələn qonaqlar əsasən brend hotellərdə yerləşdirilir. Belə hotellərin Bakı ilə yanaşı regionlarda, xüsusən işğaldan azad edilmiş bölgələrdə də açılışı gözlənilir. Bu da ondan xəbər verir ki, 5-10 il sonra - Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bütün infrastruktur bərpa olunduqdan və ora böyük köç baş tutduqdan sonra həmin ərazilər yeni turizm destinasiyası kimi tanınacaq. Amma Şuşa, Laçın, Kəlbəcər, Qubadlı və Zəngilanda təkcə brend yox, həm də ekonom büdcəli hotellərin də inşası zəruridir. Çünki biz bütün təbəqədən olan turistləri bu istiqamətlərə yönəltməliyik”, - deyə o qeyd edib.

R.Quliyev hesab edir ki, işğaldan azad edilmiş ərazilərdə hotel tipli sanatoriyaların da inşası zəruridir: “İnsanlar ata-baba yurdlarına qayıdandan sonra hotel tipli sanatoriyalar onların sosial rifahına xidmət edəcək. Yerli sakinlərdən mütəxəssislər yetişdiriləcək, onlar bu obyektlərdə işə cəlb olunacaqlar. Şuşa, Laçın, Kəlbəcər, Zəngilan, Hadrut kimi bölgələrimizin havası belə, təbii terapiyadır. Bu ərazilərdəki yeraltı suların da insan orqanizmi üçün müalicəvi əhəmiyyəti var. Bu baxımdan, həmin bölgələrdə sanatoriya tipli hotellərin tikilməsi yaxşı olar. Azərbaycanı, xüsusən Qarabağı dünyaya bir şəfa ocağı kimi tanıda bilərik".

"Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası"nın İdarə Heyətinin sədri, "Azərbaycan Ekoturizm Assosiasiyası"nın İcraçı direktoru Samir Dübəndi isə deyir ki, son illər Azərbaycanda hotel biznesi sahəsində sürətlə inkişaf edən bir neçə idarəetmə şirkəti yaradılıb, iqtisadiyyatın qeyri-neft sektorunda turizm və onun tərkib hissəsi olan qonaqpərvərlik sənayesi prioritet sahə kimi qəbul edilib.

“Hotel biznesinin inkişafına ölkədə xüsusi diqqət yetirilir. Paytaxtla yanaşı, bölgələrdə də hotellər açılmaqdadır. İşğaldan azad edilmiş və xüsusi turizm potensialı ilə fərqlənən ərazilərdə də yeni hotellərin inşası nəzərdə tutulub. Beynəlxalq mehmanxana şəbəkələrinə aid olan hotellərin açılması ölkənin tanıdılmasına, ölkəyə üz tutan turistlərin sayının artmasına xüsusi töhfə verir. Həmçinin bu yolla biz dünya turizm sənayesinə inteqrasiya oluruq, beynəlxalq hotelçilik standartlarını mənimsəyirik, bu sahədə çalışan və beynəlxalq təcübə qazanan mütəxəssislərimizin sayını artırırıq”, - deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, orta və iri bizneslərlə yanaşı, ölkədə mikro və kiçik hotelçilik də inkişaf etməkdədir: “Bunu son illərin statistik rəqəmləri də sübut edir. Hesab edirəm ki, hotelçilik sahəsində KOB-ların inkişafı istiqamətində hələ bir çox işlər görməliyik. Bu sahənin biznesləri üçün ixtisaslaşmış kreditlərə, müxtəlif tənzimləyici sənədlərə, normativ-hüquqi bazanın təkmilləşməsinə, kadrların hazırlanması kimi işlərə ehtiyac var. Düşünürəm ki, iri bizneslər daha kiçik bizneslərə inkişaf yolunda yardımçı olmalıdırlar. Bu, personalın yetişdirilməsində, kadr potensialının artırılmasında, beynəlxalq peşə standartlarının tətbiqində və digər məsələlərdə öz əksini tapa bilər".

“Qonaqpərvərlik sənayesi genişlənir, nömrə fondumuz ildən ilə artır, sənayedə peşəkarlar təkmilləşir, yeni mütəxəssislər hazırlanır. Ölkədə 712 mehmanxana və mehmanxana tipli müəssisə fəaliyyət göstərir, onlarda 53 049 yer və 25 445 otaq yerləşir. Halbuki, 2011-ci ildə 31 979 yer və 14 815 otaq var idi”, - deyə S.Dübəndi əlavə edib.

Son xəbərlər

Orphus sistemi