Bakı Konqres Mərkəzində Azərbaycanın 6 ölkədə fəaliyyət göstərən xarici turizm nümayəndəlikləri ilə görüş keçirilib.
"Report" xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov bildirib ki, ötən ildən etibarən Büro 6 bazardakı nümayəndəliklər ilə müqavilə imzalayıb və bu ilin ilk aylarından başlayaraq büro fəaliyyətə başlayıb: "Bugünkü tədbirdə biz həmin nümayəndəlikləri Bakıya gətirərək bir növ hesabat görüşü keçiririk".
O əlavə edib ki, Azərbaycan üçün prioritet istiqamət sayılan bazarların şaxələndirilməsi Turizm Bürosu üçün əhəmiyyətlidir: "Bu tip tədbirlər bu prosesin dəstəklənməsi üçündür. Bunun davamı olaraq daha 4 bazarda nümayəndə ofislərinin açılması nəzərdə tutulub. Həmin bazarların seçilməsi də gələn turistlərin sayı, həmin bazarların məsafə cəhətdən Azərbaycana yaxın olması və gələcək potensialı nəzərə alınacaq. İlkin olaraq həmin ölkələr artıq məlumdur, sadəcə, proses yekunlaşmadığından adlarını açıqlamaq düzgün olmaz".