Çinin "Voyage" jurnalı Azərbaycanı “2023-cü il üzrə Mədəniyyət Destinasiyası” mükafatına layiq görüb.
"Report" xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
Bildirilib ki, mükafatlandırma mərasimində Azərbaycanın mədəniyyətlərarası dialoq məkanı kimi tutduğu mövqeyi və nüfuzu xüsusi qeyd olunub.
Tədbir zamanı UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alan Şirvanşahlar Sarayı və Qız qalası ilə birgə İçərişəhər, Qobustan Qayaüstü İncəsənəti Mədəni Landşaftı, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi, “Xınalıq və Köç yolu" mədəni landşaftı kimi tarixi irs əraziləri haqqında geniş məlumat tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sözügedən məkanlar haqqında məlumat Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə “Voyage” jurnalının “Weibo” sosial platformasındakı səhifəsində dərc olunaraq milyonlarla səyahətçiyə Azərbaycanın tarixi və mədəniyyəti ilə tanış olmaq imkanı yaradıb. Bununla yanaşı, səhifədə "#VoyageAwards年度大奖" həştaqı ilə həyata keçirilən təbliğat kampaniyası müddətində Azərbaycan cəlbedici destinasiya olaraq ümumilikdə 10,95 milyon insana nümayiş etdirilib.
Xatırladaq ki, Azərbaycanı bundan əvvəl "Voyage" jurnalı “Dayanıqlılıq mükafatları 2022 – Mədəni irsin mühafizəsi” nominasiyası üzrə qalib elan etmişdi.