Bakı. 30 mart. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” (AZAL) özünün "AZAL Miles" bonus proqramı çərçivəsində yeni aksiyaya start verib. “Report” AZAL-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 1-dən iyunun 1-dək Berlin və Parisə uçan proqram iştirakçıları iki dəfə çox status və səyahət balları qazana biləcəklər.
Bakı-Paris-Bakı aviareysləri həftədə 4 dəfə (çərşənbə axşamı, cümə axşamı, cümə və bazar günləri) həyata keçirilir. Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş Bakı vaxtı ilə saat 06:35-də, Şarl de Qol Hava Limanına eniş isə yerli vaxtla saat 10:05-də, Parisdən uçuş yerli vaxtla saat 11:25-də, Heydər Əliyev Hava Limanına eniş Bakı vaxtı ilə saat 18:35-də olacaq.
Martın sonundan etibarən bərpa edilən Bakı-Berlin-Bakı marşrutu üzrə birbaşa reyslər həftədə iki dəfə (çərşənbə axşamı və bazar günləri) yerinə yetirilir. Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş Bakı vaxtı ilə səhər saat 07:00-da, Tegel Beynəlxalq Hava Limanına eniş isə yerli vaxtla saat 09:55-də olacaq. Berlindən uçuş yerli vaxtla saat 10:55-də, Bakıyada eniş isə yerli vaxtla saat 17:25-dədir.
Qeyd edək ki, Paris və Berlinə aviareyslər biznes və ekonom salonlu "Airbus A320" və "Airbus A319" laynerləri ilə həyata keçirilir.