​AZAL Bakı-Dubay marşrutu ilə endirimli reysləri bərpa edir

​AZAL Bakı-Dubay marşrutu ilə endirimli reysləri bərpa edir Bir istiqamətdə aviabiletlərin qiyməti 99 avro olacaq
Turizm
8 Dekabr , 2015 16:37
​AZAL Bakı-Dubay marşrutu ilə endirimli reysləri bərpa edir

Bakı. 8 dekabr. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" (AZAL) QSC Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ilə əlaqədar olaraq Bakı-Dubay-Bakı (Əl-Məktum hava limanına) marşrutu ilə endirimli (low-cost) aviareyslərini bərpa edir.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski “Report”a bildirib ki, Yeni il ərəfəsində ənənəvi olaraq turist axınının artacağını nəzərə alan şirkət ölkə vətəndaşları və xarici turistlərin uçuşlara tələbatının təmin edilməsi məqsədilə sözügedən istiqamətdə müntəzəm uçuşlar yerinə yetirəcək: “Yeni il qabağı dekabrın 26, 28, 29, 30-da və gələn il yanvarın 2-6-da gündəlik olaraq Bakıdan Dubay istiqamətində müntəzəm endirimli uçuşlar həyata keçiriləcək. Eyni zamanda, bu marşrutla həmin günlərdə əlavə reyslərin həyata keçirilməsi nəzərdə tutulub”.

"Bununla belə, qeyd olunan uçuşlara digər tarixlərdə və mövsümlərdə tələbatın yarandığı zaman AZAL həmin reyslərin həyata keçirilməsinə daim hazırdır", - şirkət rəsmisi qeyd edib.

Bu istiqamət üzrə "Embraer 190" təyyarəsi ilə yerinə yetiriləcək uçuşlara aviabiletin qiyməti sabit olaraq (bütün rüsumlar daxil olmaqla) bir tərəfə 99 avro təşkil edəcək.

Xatırladaq ki, AZAL Bakı-Dubay istiqamətində "loukost" uçuşlarını aşağı tələbat səbəbindən müvəqqəti dayandırmışdı.

Son xəbərlər

Orphus sistemi