ATAA: "Aviabiletlərin qiymətinin yüksək olması turizmin inkişafına mənfi təsir edir”

ATAA: "Aviabiletlərin qiymətinin yüksək olması turizmin inkişafına mənfi təsir edir” Getmə turizmin inkişafına mənfi təsir edən bəzi amillər sırasında aviabiletlərin qiymətinin yüksək olmasıdır. "Report" xəbər verir ki, bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) bir illik fəaliyyətinə həsr edilmiş tədbirdə çıxış edən ATA
Turizm
12 Sentyabr , 2023 12:21
ATAA: Aviabiletlərin qiymətinin yüksək olması turizmin inkişafına mənfi təsir edir”

Getmə turizmin inkişafına mənfi təsir edən bəzi amillər sırasında aviabiletlərin qiymətinin yüksək olmasıdır.

"Report" xəbər verir ki, bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) bir illik fəaliyyətinə həsr edilmiş tədbirdə çıxış edən ATAA-nın Getmə Turizm Komissiyasının rəhbəri Şaiq Məmmədov deyib.

Ş.Məmmədov hesab edir ki, biletlərin qiyməti pandemiyadan sonra daha da artıb:

“Bu gün aviabiletlərin qiymətinin yüksək olması, təəssüf doğurmaya bilməz. Mən xüsusilə koronavirus pandemiyasından sonra biletlərin qiymətinin daha da artmasına diqqət çəkmək istərdim. Pandemiyadan əvvəlki dövrə nəzər salsaq hazırkı qiymətlərdə kəskin artım açıq-aşkar müşahidə olunur. Bu məsələ də turistlərin sayının artırılmasında yerli turizm şirkətlərinə böyük çətinliklər törədir”.

ATAA rəsmisi bəzi viza mərkəzlərinin fəaliyyətindən narazıdır:

“Getmə turizm sahəsində bizi ən çox narahat edən məsələlərdən biri də vizaların verilməsi ilə bağlıdır. Avropa ölkələrinin viza müraciətlərinə nəzər yetirsək, bəzi ölkələrin digərlərinə nisbətdə daha çətin viza verdiyini müşahidə edə bilərik. Vizaların verilməsi prosedurundakı çətinliklərdən danışarkən, bəzi Viza mərkəzlərinin süni əngəllər yaratdığını qeyd etmək istərdim. Bir sıra hallarda lazımi sənədlərdən başqa, əlavə sənədlərin də tələb olunduğunun şahidi oluruq. Misal olaraq, iş yerinden arayış və kart çıxarışı təqdim olunduğu halda, vergi ödənişinə dair arayış, bəzən gediş-gəliş biletlərinin alınmış variantları tələb edilir. Bəzən viza rüsumunun ödənilməsindən sonra, əlavə xidmət haqqı tutulur. Bu xidmət haqqının isə nə olduğuna aydınlıq gətirilmir. Görüş günü ilə də bağlı sıxıntılar hələ də qalmaqdadır. Bu da üzvlərimizin və turistlərin haqlı narazılığına səbəb olur”.

Ş.Məmmədov səfirliklərin də süni maneələr yaratdığını qeyd edir: “Bəzi Şengen zonası ölkələrinin səfirliklərində görüş günü təyin etmək üçün sistem demək olar ki, bağlı olur. Görüş günü həftədə 1 dəfə, ayda 4 dəfə qısa müddətə günün öncədən bilinməyən saatında açılır. Bu isə görüş gününü təyin etmək istəyən turistlərdə çaşqınlıq yaradır. Bir sıra hallarda təhsil viza müraciətlərində tələbələr çətinliklə viza ala bilirlər. Bəzən səfirliklərdən viza müraciətinə cavab 21 iş günü ərzində deyil, 2 ay və daha gec gəlir, ya da orta büdcəli turistlər qəbul edilmir. Təəssüf ki, bir sıra hallarda səfirliklər çox yüksək əməkhaqqı və ya gəlirlər tələb edir ki, turistik viza verməkdə maraqlı olsun. Bəzən isə səfirliklər hotelin ödənilmiş qəbzini tələb etməklə turizm agentlikləri və turistlər üçün problem yaradır”.

ATAA rəsmisi təmsil etdiyi qurumun bu problemlərin həlli üçün addımlar atdığını da qeyd edib:

“Bəzi ölkələrlə viza məsələlərində olan çətinliklərin aradan qaldırılması istiqamətində bu dövlətlərin Azərbaycandakı səfirliklərinə rəsmi müraciətlər ünvanlanıb, ATAA tərəfindən vizaların alınması mexanizminin sadələşdirilməsi üçün həmin səfirliklərin nümayəndələri ilə görüşlər təşkil edilib. Qeyd edilən narazılıqların, problemlərin olmasına baxmayaraq inaninq ki, qarşıya çıxan çətinlikləri bundan sonra da birgə səylərimizlə aradan qaldıra biləcək”.

Son xəbərlər

Orphus sistemi