Yuxarı

Varşavada “İstiqamət: Azərbaycan” sərgisinin rəsmi bağlanış mərasimi keçirilib

Sərgi Mazovetsk Voyevodluğunun və Varşava şəhər meriyasının qarşısında yerləşən Plac Bankowy meydanında təşkil edilib

Varşava, 01 sentyabr. REPORT.AZ/ Polşanın paytaxtı Varşava şəhərində Azərbaycanın Polşada təbliğinə həsr edilən “İstiqamət: Azərbaycan” sərgisinin bağlanış mərasimi keçirilib. 

Azərbaycanın Polşadakı səfirliyindən “Report”un Şərqi Avropa bürosuna verilən məlumata görə, Mazovetsk Voyevodluğunun və Varşava şəhər meriyasının qarşısında yerləşən Plac Bankowy meydanında təşkil edilən sərgi 5 iyul – 31 avqust tarixlərini əhatə edib. Bağlanış mərasiminə həsr edilən tədbirdə çıxış edən Azərbaycanın Polşadakı səfirliyinin əməkdaşları sərginin məqsədi, nümayiş etdirilən fotolar barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Mazovetsk Voyevodluğunun rəhbəri Zdzislav Sipyera sərginin təşkilinə görə Azərbaycan səfirliyinə təşəkkür edib, bundan sonra da iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, sərgidə ölkəmizin tarixi abidələrinə və müasir memarlığına dair foto şəkillər və təbiət mənzərələri, həmçinin Azərbaycanın əsas turizm istiqamətlərini özündə əks etdirən foto şəkillər də nümayiş olunub. Varşavanın ən böyük meydanlarından biri olan Plac Bankowy şəhər mərkəzində yerləşir və eyni zamanda əsas nəqliyyat kəsişməsi üzərindədir. Paytaxtın tanınmış tarixi turistik məkanlarından biri olan Plac Bankowy meydanını gündəlik minlərlə şəhər sakini və turist ziyarət edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi