AZAL-ın vitse-prezidenti: “Azərbaycandan Antalyaya istirahətə gedənlərin sayı iki dəfədən çox artıb”

AZAL-ın vitse-prezidenti: “Azərbaycandan Antalyaya istirahətə gedənlərin sayı iki dəfədən çox artıb” Türkiyəki son hadisələrin ölkə turizminə təsiri, mövcud vəziyyət və gələcək planlarla bağlı tədbir keçirilib
Turizm
12 Avqust , 2016 15:33
AZAL-ın vitse-prezidenti: “Azərbaycandan Antalyaya istirahətə gedənlərin sayı iki dəfədən çox artıb”

Bakı. 12 avqust. REPORT.AZ/ Bakıda Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə qardaş ölkədə yaşanan son hadisələrin ölkə turizminə təsiri, mövcud vəziyyət və gələcək planlarla bağlı tədbir keçirilib.

“Report”un məlumatına görə, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun bildirib ki, ölkəsi iyulun 15-də baş verən xoşagəlməz hadisələrdən qəhrəmanlıq nümayiş etdirərək xilas olub: “Kənardan baxanda bir dövlətin içərisində baş verən hadisələrin necə cərəyan etdiyini müəyyənləşdirmək mümkün deyil. Türkiyə çox ciddi bir təhlükəni geridə qoydu. Bu hadisədən qalib çıxmağımızın səbəbi millətin və dövlətin birlikdə hərəkət etməsi oldu. Bugünkü tədbirin məqsədi Türkiyədə həyatın həqiqətən əvvəlki vəziyyətə qayıtdığını göstərməkdir. Əslində, Türkiyədə fövqəladə vəziyyət rejiminin tətbiqi ölkədəki təhlükəsizliyi daha da gücləndirmək üçün nəzərdə tutulub. Bu da tamamilə qanun çərçivəsində həyata keçirilir və heç bir şəkildə ölkə vətəndaşlarının hüquqları məhdudlaşdırılmır”.

Səfir deyib ki, iyulun 18-dən Türkiyə bütün dövlət və özəl müəssisələr əvvəlki qaydada fəaliyyətini bərpa edib: “Hətta vətəndaşlarımız ölkənin ən ağır günlərində 11 milyard dolları türk lirəsinə mübadilə edərək iqtisadi böhranın baş verməsinin qarşısını alıb. Təbii ki, bu hadisələrdən sonra xarici ölkə vətəndaşlarında bir sıra suallar yaranması normal idi. Çünki ölkəmizə istirahətə gələn hər bir turistin ən çox düşündüyü Türkiyədə hava limanlarında, istirahət mərkəzlərində vəziyyətin necə olduğu olub. Məhz həmin hadisələrdən bir neçə gün sonra Türkiyənin məşhur kurort şəhəri Antalyaya azərbaycanlı jurnalistlərin səfəri təşkil edildi”.

Tədbirdə iştirak edən “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin vitse-prezidenti Eldar Hacıyev qeyd edib ki, bu il ən çox uçuşlar Antalya istiqamətində olub: "Bu ilin iyul ayında ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan Antalyaya istirahətə gedənlərin sayı iki dəfədən çox artıb. Bodrum, İzmir, Dalaman istiqamətində də artımlar müşahidə olunur. Bu, azərbaycanlıların bir daha qardaş Türkiyədə istirahətə üstünlük verdiyini göstərir".

Onun sözlərinə görə, iyul-avqust aylarında Bakı-Antalya istiqamətində hər gün 4 reys yerinə yetirilir: "Hazırda hava limanlarımızdan gündəlik ən çox uçuş həyata keçirilən şəhərlərdən biri də İstanbuldur. “Azərbaycan Hava Yolları” və “Türk Hava Yolları” bu istiqamətdə hər gün ümumilikdə 9 səfər yerinə yetirir. 15 iyul hadisələrindən sonra bu istiqamətə həyata keçirilən uçuşlarda çox cuzi azalma müşahidə edilsə də, artıq artım var. Biz “Azərbaycan Hava Yolları” olaraq, “Türk Hava Yolları” ilə əməkdaşlığımızı daha da genişləndirəcəyik”.

“Report” İnformasiya Agentliyinin əməkdaşı, iki həftə əvvəl Antalyada olmuş Ülviyyə Şamilqızı vurğulayıb ki, iyulun 15-də Türkiyədə baş verən hadisələr ölkənin kurort şəhərlərinə mənfi təsir göstərməyib: “Bir ölkədə baş verən hadisələri digər ölkədən baxmaqla düzgün analiz etmək mümkün deyil. Çünki hadisələr zamanı kənara ötürülən məlumatların əksəriyyəti yanlış ola bilər. Səfər zamanı bu hadisələrin Türkiyənin kurort şəhərlərinə heç bir şəkildə mənfi təsir göstərmədiyinin şahidi olduq. Əksinə, hazırda Türkiyənin kurort şəhərlərinin hava limanlarında, mərkəzlərində, hotellərində təhlükəsizliyə daha çox diqqət yetirilir. Turistlərlə söhbət zamanı hadisələrin onlarda Türkiyə haqqında mənfi fikirlər formalaşdırmadığını gördük. Əksinə, Türkiyə kurortlarında olan təhlükəsizlik, mövcud şərait onları daha çox qane edir”.

Qeyd edək ki, tədbirdə 30-dan çox yerli turizm şirkətlərinin nümayəndələri iştirak edib.

Son xəbərlər

Orphus sistemi