Payız mövsümündə Bakıda 7 beynəlxalq sərgi açılacaq

Payız mövsümündə Bakıda 7 beynəlxalq sərgi açılacaq Bütün sərgilər Azərbaycanın dövlət strukturlarının rəsmi dəstəyi ilə təşkil edilir
Turizm
22 Avqust , 2016 20:00
Payız mövsümündə Bakıda 7 beynəlxalq sərgi açılacaq

Bakı. 22 avqust. REPORT.AZ/ Bu ilin payız mövsümündə Bakıda 7 beynəlxalq sərgi keçiriləcək.

Bu sərgilərin əsas təşkilatçısı qismində çıxış edən “Iteca Caspian” şirkətindən “Report”a bildirilib ki, mövsümün bütün sərgiləri öz məzmununa görə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunu əks etdirəcək. Payız sərgi təqviminə Azərbaycan beynəlxalq səhiyyə (BIHE), stomatologiya (Stomatology Azerbaijan), gözəllik və estetik tibb (Beauty Azerbaijan), inşaat (BakuBuild), istilik, havalandırma və kondisiyalaşdırma sistemləri (AquaTherm Baku), mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri (CIPS Securika) və İKT (Bakutel) sərgiləri daxildir.

Sözügedən sərgilər “Bakı Ekspo Mərkəzində”baş tutacaq. Bütün sərgilər Azərbaycanın dövlət strukturlarının rəsmi dəstəyi ilə təşkil edilir. Eyni zamanda, beynəlxalq ittifaqlar və ixtisaslaşmış assosiasiyaların dəstəyi ilə bir sıra layihələr həyata keçiriləcək. Sərgilərin təşkilatçıları qismində “Iteca Caspian” və onun tərəfdaşı Böyük Britaniyanın “ITE Group” şirkəti çıxış edir.

Payız sərgi mövsümünü ilk olaraq sentyabrın 19-21-də XXII Azərbaycan Beynəlxalq Səhiyyə (BIHE 2016), XI Azərbaycan Beynəlxalq Stomatologiya (Stomatology Azerbaijan 2016) və X Yubiley Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb (Beauty Azerbaijan 2016) sərgiləri açacaq. “BIHE 2016” sərgisində 15 ölkədən 100-dən artıq şirkət bir araya toplanacaq. Sərginin debütantları arasında Azərbaycan, Çexiya, Belçika və Tunisi təmsil edən şirkətlər yer alır.

“Stomatology Azerbaijan 2016” sərgisində yeni stomatoloji avadanlıqlar və istehlak materialları, implantologiya və dişlərin ağardılması üzrə ən son texnologiyalar, habelə ağız boşluğunun gigiyenası üçün vasitələr təqdim olunacaq. Yubiley “Beauty Azerbaijan” sərgisində Azərbaycan, Almaniya, Kanada, Çin, Rusiya, Türkiyə və digər ölkələrin iştirakı gözlənilir. Builki sərgidə Taylandı təmsil edən şirkətlər debüt edir. İtaliyanın kosmetika şirkətləri sərgidə qrup şəklində təmsil olunacaq. Bu il sərginin yenilikləri arasında Almaniyadan salon ləvazimatları, Yaponiya və C.Koreyadan Asiya kosmetikası və bir sıra digər məhsullar yer alır. İlk dəfə olaraq, “Beauty Azerbaijan 2016” sərgisində bir tərəfdən yerli distribyutor və gözəllik salonlarının, digər tərəfdən isə xarici şirkətlərin iştirakı ilə seminar keçiriləcək. Bu seminar əvvəlcədən planlaşdırılan görüş sayəsində aparıcı yerli şirkət və gözəllik salonlarının nümayəndələri ilə (vasitəçi olmadan) birbaşa danışıqlar aparmaq və işgüzar əlaqələr qurmağa kömək edəcək.

Daha sonra sərgi mövsümü onktabrın 19-22-da “Xəzər İnşaat Həftəsi” ilə davam edəcək. Bu tədbir çərçivəsində XXII Azərbaycan Beynəlxalq İnşaat (BakuBuild 2016), IX Beynəlxalq İstilİk, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf Mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük Hovuzu və Bərpa Olunan Enerji (AquaTherm Baku 2016) və XX Azərbaycan Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri (CIРS Securika 2016) sərgiləri keçiriləcək. “Xəzər İnşaat Həftəsi” 20-dən çox ölkəni təmsil edən 400-dən artıq şirkəti və bir sıra milli stendi bir araya gətirəcək. Builki sərginin sponsorları “Corella” brendi (“NB Group”) və “Akkord Sement” şirkəti, informasiya tərəfdaşı isə “Dom i İnteryer” jurnalıdır.

Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (Bakutel 2016) sərgisi noyabrın 29-dan dekabrın 3-dək baş tutacaq. Mövsümə bu sərgi ilə yekun vurulacaq. Sərginin iştirakçıları arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil operatorları, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribyutorları yer alır.Bu il Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də sərgidə fəal iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi