Yuxarı

“Milan Expo 2015”də nümayiş etdirilən Azərbaycan pavilyonu Bakı bulvarında quraşdırıla bilər

“Ermənistan bizim layihəni, işimizi gördükdən sonra 2015-ci ilin əvvəlində sərgidə iştirakdan imtina etdi”

“Ermənistan bizim layihəni, işimizi gördükdən sonra 2015-ci ilin əvvəlində sərgidə iştirakdan imtina etdi”

Bakı. 19 noyabr. REPORT.AZ/ Heydər Əliyev Mərkəzində “Milan Expo 2015” Ümumdünya sərgisində Azərbaycanın iştirakının yekunları ilə bağlı mətbuat konfransı keçirilib.

“Report”un məlumatına görə, Heydər Əliyev Mərkəzinin direktoru, “Milan Expo 2015”də Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar Ələkbərov deyib ki, pavilion Azərbaycan üçün ən uğurlu layihələrdən biri olub.

O xatırladıb ki, pavilyonun hazırlanması ilə bağlı işlərə 2013-cü ildə başlanılıb: “Pavilyonun tikintisində və dizaynının hazırlığında yerli və xarici mütəxəssislərin daxil olduğu 300 nəfərdən ibarət komanda çalışıb. 25 ay müddətində 19 ay ərzində hazırlıq işləri aparılıb, 6 ay isə pavilyon Milanda fəaliyyət göstərib. Pavilyon üzrə layihədə bizə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva dəstək olub. Onun dəstəyi nəticəsində bu layihə uğurlu alınıb. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin göstərişləri və tapşırıqları nəticəsində işlər tez bir vaxtda başa çatdırıldı. Hesab edirik ki, layihə uğurlu alınıb”.

A.Ələkbərov qeyd edib ki, İtaliya hökuməti Azərbaycan pavilyonuna “Milanın incisi” adını verib: “Milanda bu tədbirin keçirilməsi ilə bağlı əvvəlcə mənfi və müsbət reaksiyalar oldu. Amma biz bu layihəni təqdim etdikdən sonra razılaşma əldə edildi. İştirak etdiyimiz tədbirlərdə görürdüm ki, Azərbaycana maraq var. Ermənistan da bu layihədə iştirak etməyə çalışırdı. Amma Ermənistan bizim layihəni, işimizi gördükdən sonra 2015-ci ilin əvvəlində sərgidə iştirakdan imtina etdi”.

Layihə rəhbəri bildirib ki, 3 milyon 250 min nəfər Azərbaycanın pavilyonunu izləyib: “Bizim pavilyonumuza maraq böyük idi. Azərbaycan Bakı-2015 l Avropa Oyunlarını necə uğurla başa vurdusa, bu layihəni də müvəffəqiyyətlə yekunlaşdırdı”.

A.Ələkbərov deyib ki, Milandakı pavilyon Azərbaycana köçürüləcək: “Biz istərdik ki, onu Azərbaycanın ən gözəl guşələrindən birində yerləşdirək. Bəzi dövlətlər öz pavilyonlarını sökdülər. Amma biz bildirdik ki, sökülməyəcək, pavilyonu Azərbaycana qaytaracağıq. Pavilyonun Bakı Bulvarında quraşdırılmasını istəyirik. Bakıda uyğun məkanın ayrılması üçün Nazirlər Kabinetinə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib. Hazırda pavilyonun quraşdırılacağı ünvanla bağlı qərar verilməlidir. Hazırda isə pavilyonun qardan, yağışdan qorunması üçün əlavə işlər aparılır, işlər təxminən iki həftə davam edəcək. Bundan sonra isə konkret addımlar atacağıq”.

Sonra Azərbaycan pavilyonu ilə bağlı video-çarx nümayiş etdirilib.

“Milan Expo 2015”də Azərbaycan milli pavilyonu üzrə işçi qrupunun rəhbəri Vüqar Məmmədov görülən işlərlə bağlı məlumat verib. O bildirib ki, bu layihə Azərbaycanın dünyada tanıdılmasına xidmət edir: “Azərbaycan pavilyonun istər tikinti prosesində, istərsə də sonrakı proseslərdə liderliyini qoruyub saxladı. Bunun üçün Azərbaycanda 150 gün çəkilişlər aparılıb.

Layihə ilə bağlı 55 dəqiqə animasiya, 10 min foto çəkilib, 250 video-material hazırlanıb. Nüfuzlu dünya nəşrləri layihəmizlə bağlı yazılar dərc ediblər”.

O bildirib ki, “Milan Expo” ümumdünya sərgisini 6 ay ərzində 23 milyondan çox insan ziyarət edib. Bunun da 3 milyon 250 min nəfəri Azərbaycan pavilyonuna baş çəkib. Ümid edirəm ki, milli pavilyon Azərbaycana köçürələcək və gələcək nəsillərə miras olaraq qalacaq”.

Pavilyonun arxitektoru Rikardo Ciqolotti çıxışında deyib ki, layihənin vaxtında bitməsi çox vacib idi və belə də oldu: “Sərgidə ən gözəl pavilyon Azərbaycana məxsus idi. Cəmiyyət bu layihəni maraqla qarşıladı. Buna görə də Azərbaycan hökumətinin rəhbərliyinə təşəkkürümü bildirirəm”.

Sonda jurnalistlərin sualları cavablandırılıb.

Qeyd edək ki, “Milan Expo 2015” sərgisindəki “Azərbaycan Biomüxtəlifliyin xəzinəsi” adlanan 4 mərtəbəli, ərazisi 2000-dək kvadratmetr olan Azərbaycan pavilyonu Heydər Əliyev Mərkəzi və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilib.

Pavilyonda qurulan 3 biosfera ətraf mühiti və qədim mədəniyyəti daim harmoniyada olan Azərbaycanı təcəssüm etdirir. Pavliyonu əhatə edən taxta divarlar bu diyara xas olan küləyin və həmişə burada dövr edən mədəni və yaradıcı axının rəmzidir.

Pavliyonun 1-ci mərtəbəsi “Səslər simfonaiyası” adlanır. Burada Azərbaycanla bağlı məlumatlar təqdim olunurb.

2-ci mərtəbədə-“Rənglər simfoniyası”nda iqlim, landşaftla bağlı məlumatlar çatdırılıb.

3-cü mərtəbə “Dadlar simfoniyası” adlanır. Bu mərtəbədə milli mətbəxlə bağlı nümunələr təqdim edilib.

4-cü mərtəbədə isə restorandır.

Pavilyonun tikintisi zamanı 18 km qaynaq işləri, 15 ton dəmir istifadə edilib. Bundan əlavə, 680 şüşə panel də istifadə olunub.

Milli pavilyon İtaliyanın Ətraf Mühit və Dəniz Ehtiyatlarının Müfafizəsi Nazirliyinin “Davamlı Ekspoya doğru” proqramı çərçivəsində “Dizayn və materiallar” nominasiyası üzrə ən uğurlu ekoloji layihə kimi mükafatla təltif olunub və milli pavilyonlar sırasında öz kateqoriyası üzrə ən gözəl pavilyon seçilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi