Yuxarı

​"Mardan Palace" hoteli yenidən hərraca çıxarılıb

AST İnşaat Turizmin Garanti Bankına 73 mln. dollar borcu yaranıb

Bakı. 13 avqust. REPORT.AZ/ Azərbaycan əsilli iş adamı Telman İsmayılova məxsus Antalyadakı (Türkiyə) "Mardan Palace" hoteli yenidən hərracda satışa cıxarılıb. Bu, "AST İnşaat Turizm Taahüt A.Ş."-nin Türkiyənin "Garanti Bankı"na 203 mln. lirə (73 mln. dollar) həcmində olan borcunu ödəyə bilməməsi səbəbindən baş verib.

"Report" xəbər verir ki, satış oktyabrın 14-də Antalya 6-cı İcra Müdirlüyü (məhkəmə qərarlarının icrasına nəzarət qurumu) tərəfindən həyata keçiriləcək. Qeyd edək ki, "Mardan Palace" hotelinin əsas binası 650 mln. lirə (233,8 mln. dollar), ətrafındakı villalar isə 69,7 mln. lirə (25,1 mln. dollar) dəyərində qiymətləndirilib.

Xatırladaq ki, bu ilin iyununda da "Mardan Palace" hoteli "AST İnşaat Turizm Taahüt A.Ş."-nin Türkiyə "Halk Bank"ına 60 mln. lirə (21,6 mln. dollar) həcmində olan borcunu ödəyə bilməməsi səbəbindən satışa çıxarılırdı. Lakin son anda, satışa bir neçə saat qalmış hotel rəhbərliyi ilə Bank arasında borcun 4 hissəyə bölünərək ödənilməsinə dair razılıq əldə edilib.

Qeyd edək ki, "Mardan Palace"in vəkili Fatih Dülgər hazırda "Garanti Bankı" ilə görüşmələrin aparıldığını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi