Yuxarı

Lənkəran rusiyalıların ən çox səyahət etdikləri şəhərlər sırasına düşüb

Bu göstəricini hotellərin axtarış xidməti müəyyən edib

Bakı. 31 avqust. REPORT.AZ/ Azərbaycanın Lənkəran şəhəri rusiyalıların MDB ölkələri arasında istirahət etməyə üstünlük verdikləri şəhərlər sırasında ilk beşliyə daxil olub. "Report" xəbər verir ki, bu, "RoomGuru.ru" hotellərin axtarış xidmətinin apardığı təhlil nəticəsində məlum olub.

Belə ki, reytinq 2016-cı il 1 iyun-31 avqust tarixlərində hotel və mənzil axtarışı və bronlaşdırılmasına dair məlumatlar əsasında tərtib edilib. MDB ölkələrinin istirahət üçün ən populyar kurort yerlərinin ilk beşliyinə İssık-Göl (Qırğızıstan), Burabay gölü (Qazaxıstan), Naroç (Belarus), Lənkəran (Azərbaycan) və Göyçə gölü (Sevan, Ermənistan) daxil olub.

"RoomGuru.ru" məlumat verir ki, rusiyalıların MDB ölkələrinə yay səyahətlərinin sayı ötən illə müqayisədə 10% artıb. Turistlərin yaşayış xərcləri orta hesabla gündə 3,6 min rubl (89,76 AZN) təşkil edib. 

Turistlər İssık-Gölə yay aylarında 10 günlük, Burabay gölü ətrafına isə 7 günlük səyahət ediblər. 

Yay səyahətləri üçün MBD şəhərlərinin ən populyarı Minsk (Belarus) olub. Bu şəhərlərin ilk onluğuna isə həmçinin Almatı, Bakı, Astana, İrəvan, Kiyev, Bişkek, Vitebsk, Kişinyov və Daşkənd daxil olub.

Bu şəhərlər arasında ucuzluğu ilə Bişkek, baha olması ilə Astana seçilib. Rusiyada isə ən populyar istiqamətlər Soçi, Anapa, habelə Moskva və Sankt-Peterburq şəhərləridir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi