Yuxarı

​Bu gün "Milan EKSPO-2015" sərgisi açılır

Sərgidə 145 dövlət iştirak edir

Bakı. 1 may. REPORT.AZ/ Bu gün İtaliyanın Milan şəhərində Ümumdünya Universal Sərgisinin, "Milan EKSPO-2015"in rəsmi açılışıdır.

"Report" xəbər verir ki, "Planetimizi qidalandıraq, həyat üçün enerji qazanaq” ("Feeding the Planet, Energy for Life") devizi altında keçirilən tədbir ərzaq təhlükəsizliyi, kənd təsərrüfat texnologiyasının inkişafı, ətraf mühitin qorunması, təbii ehtiyatlara qənaət, habelə bölgələrin mətbəxinə və baqqaliyyə ənənələrinə dair məsələlərinə də həsr olunacaq.

Məlumatda bildirilib ki, sərgidə 145 dövlət iştirak edəcək.

Xatırladaq ki, “Milan Expo 2015” beynəlxalq sərgisində Azərbaycan pavilyonu da olacaq. Milli pavilyonun girişində güzgü formasında insan ölçüsündə dalğavarı oturacaqla tamamlanmış monitor quraşdırılıb. Eynilə belə bir monitor Bakıda - Heydər Əliyev Mərkəzinin qarşısında da yerləşdiriləcək. Bu monitorlar vəhdət təşkil edərək bir-biri ilə əlaqədə olacaq. Pavilyonla tanış olan ziyarətçilər monitorun qarşısında durmaqla Bakıda monitor quraşdırılan məkanı görəcək, buradakı insanlarla əlaqə saxlaya biləcəklər. Eynilə, paytaxt sakinləri, şəhərimizin qonaqları da Azərbaycan pavilyonu və onun ziyarətçiləri ilə tanış olmaq imkanı qazanacaqlar. Böyük miqyasda Şərqlə və Qərb arasında körpü rolunu oynayan Azərbaycanın “Mirroring Baku” adlı bu layihəsi yığcam şəkildə minlərlə insanın ünsiyyətinə şərait yaradacaq.

Qeyd edək ki, “Milan Expo 2015” beynəlxalq sərgisində “Azərbaycan: Biomüxtəlifliyin xəzinəsi” ("Azerbaijan: Treasure of Biodiversity") adlanan milli pavilyon Heydər Əliyev Mərkəzinin dəstəyi ilə təşkil olunur.

“Planetimizi qidalandıraq, həyat üçün enerji qazanaq” devizi altında keçirilən sərgidə 145 ölkə təmsil olunacaq. Onlardan yalnız 55-i öz milli paviliyonu ilə iştirak edir. Oktyabrın 31-dək davam edəcək sərgiyə dünyanın müxtəlif ölkələrindən 20 milyonadək qonağın qatılacağı proqnozlaşdırılır.

Azərbaycan pavilyonu sahəsi 1800 m2-dir. Məlumata görə, milli pavilyonda mayın 1-dən Azərbaycanın tarixi və mədəni irsini, zəngin ekoloji, enerji potensialını və unikal biomüxtəlifliyini tərənnüm edən təqdimatlar həyata keçiriləcək.

Onu da qeydə edək ki, bu gün Milanda sərginin açılışına etiraz aksiyası keçirilir. Aksiyaçılar tədbirə xərclənən məbləğin çoxluğuna etiraz edirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi