Yuxarı

Bakıda gənclərin I Beynəlxalq Mədəni İrs və Turizm Forumu keçirilir

“Araşdır, qoru və təbliğ et!”devizi altında yaşı 40-dək olan gənclər iştirak edir

Bakı. 2 fevral. REPORT.AZ/ Bakıda Gənclərin I Beynəlxalq Mədəni İrs və Turizm Forumu başlayıb.

“Report” xəbər verir ki, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə 2 gün davam edəcək forumda “Araşdır, qoru və təbliğ et!” devizi altında müxtəlif ölkələrdən yaşı 40-dək olan gənclər iştirak edir.

Forumun məqsədi gəncləri bir araya gətirərək, ölkələr və xalqlar arasında mədəni irsin qorunması və öyrənilməsi, turizm və onun yeni sahələri istiqamətində əməkdaşlıq perspektivlərini genişləndirmək, yeni ideyaların mübadiləsinə və uğurlu təcrübələrin geniş tətbiqinə nail olmaqdır. Forumda Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan, Norveç, Tacikistan, İtaliya, Misir, İspaniyanın təmsil olunan gənc alim və mütəxəssisləri mədəni irs və turizm mövzusunda problem və perspektivlər müzakirə edilir.

Forumda Sibirin mədəni irsinin qorunması və təbliğində cari meyillər, Azərbaycan folklorşünaslığının 1900-1930-cu illərdə keçdiyi yol, Tacikistanın tarixi-mədəni irsi, Gürcüstanın mədəni irs resursları, Norveç təbiətində mədəniyyət izləri, muzeylərin mədəniyyətlərarası dialoqun obyekti kimi mövcud təcrübələr, Topqapı Sarayı Muzeyində mədəni irs sərvətlərinin qorunmasında önləyici üsullar, gənc konservasiya alimləri və mədəni irs sahəsində Kalabriya Universitetinin İtaliya təcrübəsi, misirlilər və onların xalq mahnıları, İranda yerli memarlığın qorunması və tarixi binaların bərpası və hər ev bir hotel təcrübəsi, dörd ölkəni (Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyə) əhatə edən Ümumi Mədəni irs şəhərləri arxeoloji turizm layihəsinin ortaya qoyduğu beynəlxalq marşrut, İspaniyada mədəni irs və icmanın idarə olunması, Azərbaycan mədəni irsinin ali təhsil alan xarici tələbələrə tanıdılması təcrübəsi, yerli turizm bələdçilərinin mədəniyyət və tarixin təbliğatçısı kimi, Şimali Kiprdə tələbə turizmi, turizm potensialı olan regionlarımızda kənd turizminin inkişafi, Gürcüstanda inkluziv turizm bələdçiləri üçün təlim kursları mövzuları geniş müzakirə olunur.

Forum iştirakçılarının birgə bəyannaməsinin qəbul ediləcəyi forum bu gün başa çatacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi