Yuxarı

Bakıda beynəlxalq turizm sərgisi başlayıb - FOTO

Sərgidə 42 ölkədən 371 şirkət iştirak edir

Bakı. 2 aprel. REPORT.AZ/ Bu gün Bakıda XIV Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (AITF-2015) Sərgisi işə başlayıb. AITF sərgisi Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilir. AITF sərgisi ilə paralel təşkil olunan II Xəzər Beynəlxalq Kater və Yaxtalar (CIBS-2015) Sərgisinə rəsmi dəstək isə Azərbaycan Dövlət Dəniz Administrasiyası tərəfindən göstərilir. Həmçinin regionun mehmanxana və restoran sənayesi üzrə yeganə ixtisaslaşdırılmış tədbiri - IX Qafqaz Beynəlxalq Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar (HOREX Caucasus-2015) sərgisinə start veriləcək. Bu üç sərginin əsas təşkilatçısı qismində isə "Iteca Caspian" şirkəti çıxış edir.

"Report" xəbər verir ki, yay turizm mövsümü astanasında AITF sərgisi üç gün ərzində turizm bazarının əsas iştirakçılarını bir araya gətirərək turizm xidmətlərinin geniş çeşidini nümayiş etdirəcək. Dünyanın 42 ölkəsini təmsil edən ümumilikdə 371 şirkət "AITF-2015" sərgisi çərçivəsində 80-ə qədər turizm istiqamətini təqdim edəcək. Sərgidə öz milli səyahət büroları və səfirliklərinin dəstəyi ilə Argentina, Bolqarıstan, İran, Gürcüstan, Dominikan Respublikası, Hindistan, Malayziya, Mərakeş, BƏƏ, Sloveniya, Tailand, Türkiyə və digər ölkələrdən ümumilikdə 17 milli qrup iştirak edəcək. Milli stendlər arasında debütant ölkə Maldiv adalarıdır. İştirakçıların coğrafiyası isə 60% xarici və 40% yerli şirkətlərdən ibarətdir. Eksponentlər arasında turoperatorlar, milli turizm təşkilatları, hotel şəbəkələri, sanatoriyalar, pansionatlar, müalicə-sağlamlıq və spa mərkəzləri, idman və ekoloji turizm obyektləri var.

Azərbaycanda 2015-ci ilin əsas turizm təmayülü ölkədaxili turizmin davamlı inkişafı olacaq. Sərgidə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Azərbaycan Turizm Assosiasiyasının (AzTA) himayəsi altında iştirak edən yerli turoperatorlar öz müxtəlif təklifləri ilə çıxış edəcək. AzTA bu il sərgidəki stendini genişləndirərək həm daxili, həm də xarici turizm sahəsində fəaliyyət göstərən Azərbaycanın hər bölgəsindən aparıcı hotel və turizm agentliklərini bir araya toplayacaq. Bundan başqa, ölkə bölgələrinin - Gəncə, İsmayıllı, Lənkəran, Masallı, Mingəçevir, Naxçıvan Muxtar Respublikası, Qəbələ, Qax, Quba, Zaqatala, Xaçmaz, Şəki, habelə Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsi, eləcə də Azərbaycanın hüdudlarından kənarda da tanınan qədim İvanovka kəndinin parlaq ekspozisiyaları Azərbaycanın turizm potensialını nümayiş etdirəcək. Sərgidə ənənəvi olaraq qonaqları regionun tarixi-mədəni irsi ilə tanış edən Qarabağ stendi təqdim olunacaq. AITF sərgisində BEGOC (Birinci Avropa Oyunlarının Təşkilat Komitəsi) Bakı-2015 Avropa Oyunlarına biletlərin paylanılması barədə məlumat verəcək.

Bu il AITF sərgisi sayəsində Argentina, Avstraliya, Dominikan Respublikası, Keniya, Kolumbiya, Malayziya, Maldiv adaları, BƏƏ və Seyşel adaları kimi ekzotik turizm marşrutları yerli səyahət həvəskarları üçün daha da yaxın olacaq. Azərbaycanlı turistlər arasında qədim Avropa əvvəlki kimi məşhurdur və buna görə də sərgidə Bolqarıstan, Çexiya, İsveçrə, Çernoqoriya, Fransa, Xorvatiya, İtaliya, Almaniya və Estoniyanı təmsil edən turoperatorlar uzun stend cərgələri ilə çıxış edəcəklər.

“Tibbi turizm” təmayülündə bu il Azərbaycan, Almaniya, Çexiya, Yunanıstan, İsrail, Litva, Sloveniya, Slovakiya, Macarıstan və Türkiyəni təmsil edən 36 şirkət, tibb mərkəzləri, eləcə də müalicə ocaqları və sanatoriyalar müalicə-sağlamlıq və SPA turizmi sahələrində əldə etdikləri ən son nailiyyətləri təqdim edəcəklər. Sərginin debütantları arasında məşhur şirkətləri, özəl və dövlət klinikaları: Erzurum İli Kamu Hastaneleri Birliği Genel Sekreterliği (Türkiyə), Çexiyanın Tibb Mərkəzi olan “European Patient Service”, “KRV Medical Group” tərəfindən təqdim edilən İsrailin aparıcı klinikaları, “Symetria Hospital” (Yunanıstan), “MED LT” (Litva), “Slovak Healing Spa Turcianske Teplice” (Slovakiyaя) yer alır. Almaniyanın “Junisa GmbH.” və “Johannesbad Fachklinik AG & Co. KG” şirkətləri Münhen, Berlin, Bavariya və Almaniyanın digər şəhərlərinin bir sıra qabaqcıl klinikalarını təqdim edəcək.

AITF sərgisi son illər Azərbaycan vətəndaşları arasında məşhur kurort zonalarında daşınmaz əmlaka olan tələbatın artması faktını əks etdirən “Xaricdə daşınmaz əmlak” sektorunu fəal surətdə inkişaf etdirir və builki sərgidə Türkiyə, Bolqarıstan, Böyük Britaniya, BƏƏ və Çexiyanın daşınmaz əmlak şirkətləri yer alır. Beləliklə, yerli şirkətlər Türkiyədə daşınmaz əmlak təklif edən “ETU Homes”, “Netto Homes” şirkətlərinin, "The First Group" (BƏƏ), eləcə də Bolqarıstanın dəniz sahili üzrə təkliflər verən “Dream Home” ASC-nin timsalında etibarlı tərəfdaş tapmaq imkanı əldə edəcəklər. Beləliklə, sərgidə 2015-ci il üzrə Azərbaycan üçün xaricdə daşınmaz əmlak bazarının ən aktual təklifləri təqdim olunacaq. Yeni tərəfdaşlar axtaran və ya bu sahədə öz biznesini genişləndirmək arzusunda olan hər bir kəs burada səmərəli danışıqlar apararaq əməkdaşlığın təməlini qoya biləcəklər.

Qeyd edək ki, bu sərgilər aprelin 4-də başa çatacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi