Yuxarı

Bakıda beynəlxalq ekologiya sərgisi başlayıb

“Xəzər: ətraf mühit üçün texnologiyalar” sərgisi noyabrın 21-dək davam edəcək

Bakı. 19 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ekspo Mərkəzində ətraf mühitin mühafizəsi üzrə 5-ci Yubiley Beynəlxalq “Xəzər: ətraf mühit üçün texnologiyalar” (“CTE 2014”) sərgisi başlayıb.

"Report" xəbər verir ki, sərgi Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də IDEA “Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq” İctimai Birliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun tərəfdaşı “ITE Group PLC” şirkətləri çıxış edir.

“СТЕ” yubiley sərgisi Azərbaycan, Almaniya, Böyük Britaniya, Yunanıstan, Danimarka, İtaliya, İsveç, Rusiya, Serbiya, Türkiyə və digər ölkələrdən gələn şirkətləri bir meydançada toplayıb. Azərbaycanda keçirilən ekoloji sərgidə ilk dəfə olaraq Çexiyanın milli stendi də iştirak edir. Sərgidə yerli şirkətlərin böyük qismini Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi habelə “Təmiz Şəhər” ASC, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Dövlət Aerogeodeziya Müəssisəsi, Bakı Kartoqrafiya Fabriki, Azərbaycan Respublikası Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi, Dövlət Yerquruluşu Layihə İnstitutu və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi kimi dövlət strukturları təşkil edirlər.

Bu il iştirakçıların 40%-dən çoxunu debütantlar təşkil edir və onların arasında həm yerli, həm də xarici şirkətlər var. Bu sıraya “Eldan Recycling”, “Eko Engineering 2000”, “GAUS Elektrik Otomasyon”, “MRT System International”, “Salvador” “Santes Incinerator”, “Thrace Group”, “Waterland” və s. daxildir. Sərgi debütantları sərgidə eroziv təsirə qarşı materiallar, hidroizolyasiya sistemləri, müxtəlif növ qazlardan əmələ gələn dumanın emalı üzrə sistemlər, geotekstil borular, bentonit geosintetik izolyasiya materialları, vakuum nasosları, pnevmatik domkratlar, tozşəkilli material və mayelərin daşınması üçün səyyar qablaşdırma sistemləri, asfaltın örtüklənməsi üzrə tikinti xərclərini azaltmağa və materialın dağılma-köhnəlmə müddətini uzatmağa imkan verən kompozit materiallar, tullantıların yandırılması sistemləri və paslanmayan poladdan hazırlanan qurğuları nümayiş etdirir.

Həmçinin, sərgidə ARDNŞ və BP şirkətləri tərəfindən suyun və qruntun təmizlənməsi, eləcə də zəhərli tullantıların idarə edilməsi üzrə yeni texnologiyalar nümayiş etdiriləcək.

Sərginin sponsoru qismində “Evrascon” şirkəti çıxış edir.

Qeyd edək ki, sərgi noyabrın 21-dək davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi