Yuxarı

Azərbaycanda turizm şirkətlərinin akkreditasiyadan keçmə qaydası müəyyənləşib

Son üç ay ərzində Azərbaycana  xarici turistlər gətirən turizm şirkətləri turistlərə elektron viza almaq hüququ əldə edəcək

Bakı. 11 iyul. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası”nı təsdiq edib.

“Report”un xəbərinə görə, bu Qayda turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin Mədəniyyət və Turizm Nazirliyində akkreditasiyadan keçməsi qaydasını müəyyən edir. Turizm fəaliyyətinə verilmiş xüsusi razılıq (lisenziya) əsasında 1 ildən az olmayaraq fəaliyyət göstərən turizm şirkətləri akkreditasiyadan keçmək üçün müraciət etmək hüququna malikdirlər.

Qaydaya əsasən, akkreditasiyadan keçmək üçün turizm şirkəti ərizə ilə nazirliyə müraciət etməlidir.

Ərizədə turizm şirkətinə verilmiş lisenziyanın qeydiyyat nömrəsi, turizm şirkətinin əlaqələndirici şəxsi haqqında məlumat, ərizəyə turizm şirkətinin son 3 ay ərzində Azərbaycana gətirdiyi xarici turistlərin sənədlərinin surətləri əlavə edilməlidir. Ərizəyə nazirlik tərəfindən baxılmasının və qərar qəbul edilməsinin ümumi müddəti 10 iş günüdür. Sənəd nazirliyə daxil olduqdan ilk 5 iş günü ərzində tələblərə cavab verməsi məsələsi araşdırılır. Əgər hər hansı məlumat və ya sənəd çatışmırsa, bununla bağlı ərizəçiyə sorğu göndərilir və 3 iş günü müddətində ərizənin həmin tələblərə uyğunlaşdırılması təklif edilir. Sorğuya cavab verildikdə, həmin cavaba ümumi müddətin qalan hissəsi ərzində baxılır. NazirliK ərizəçiyə sorğu verdikdə, həmin ərizəçi 3 iş günü müddətində tələb edilən məlumatları və (və ya) sənədləri təqdim etməlidir. Ərizəyə nazirlik tərəfindən baxılması nəticəsində akkreditasiyadan imtina üçün əsas olub-olmaması araşdırılaraq, turizm şirkətinin akkreditasiyadan keçməsi və ya akkreditasiyasından imtina barədə qərar qəbul edilir, bu barədə ərizəçiyə məktub verilir.

Turizm şirkətinin akkreditasiyasından nazirlik tərəfindən sorğu edilən sənədlər və (və ya) məlumatlar təqdim edilmədikdə və ya natamam olduqda, təqdim edilmiş sənədlərdə yanlış məlumatlar olduqda imtina edilə bilər.

Akkreditasiyadan imtinaya səbəb olmuş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra həmin turizm şirkəti turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün yenidən müraciət edə bilər.

Turizm şirkəti turizm fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziyanın qüvvədə olduğu müddətə akkreditasiya olunur.

Bundan əlavə, turizm fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziyanın fəaliyyəti dayandırıldıqda, bu Qaydaya uyğun verilmiş turizm şirkətinin akkreditasiyasının da qüvvəsi eyni müddətə dayandırılır.

Turizm şirkətinin müvafiq müraciəti olduqda, fəaliyyətin həyata keçirilməsi üçün verilmiş lisenziyanın müddəti bitdikdə, verilmiş lisenziya ləğv edildikdə akkreditasiya ləğv edilmiş hesab olunur.

Akkreditasiyadan keçmiş, akkreditasiyası qüvvədən düşmüş və ya ləğv edilmiş turizm şirkətləri haqqında məlumat Mədəniyyət və Turizm Nazirliyin internet səhifəsində, habelə Xarici İşlər Nazirliyinin internet səhifəsində yerləşdirilir. Akkreditasiyadan keçmiş turizm şirkətləri nazirlik tərəfindən təqdim olunmuş hesabat formasına uyğun olaraq hər rübün ilk 10 günü ərzində ötən rüb üzrə elektron viza rəsmiləşdirilməsi ilə bağlı statistik məlumatları nazirliyə təqdim etməlidir. Statistik məlumatlar bu müddət ərzində təqdim edilmədikdə, Nazirlik tərəfindən ona xəbərdarlıq məktubu göndərilir və təkrarən tələb edilir.

Bundan əlavə, nazirliyin vəzifəli şəxslərinin akkreditasiya ilə bağlı qəbul etdiyi qərarlardan və hərəkətlərindən inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi