"Azərbaycanda arxeoloji turizm" mədəni turizm marşrutu başa çatıb

"Azərbaycanda arxeoloji turizm" mədəni turizm marşrutu başa çatıb İnfotur iştirakçıları tarixi məkanlarla tanış olublar
Turizm
22 Oktyabr , 2015 21:26
Azərbaycanda arxeoloji turizm mədəni turizm marşrutu başa çatıb

Bakı. 22 oktyabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin (MTN) dəstəyi ilə Qəbələ-Şəki-Tovuz-Şəmkir-Ağsu istiqaməti üzrə turizm şirkətlərinin və KİV nümayəndələrinin iştirakı ilə həyata keçirilən "Azərbaycanda arxeoloji turizm" mədəni turizm marşrutu başa çatıb.

"Report" nazirliyə istinadən xəbər verir ki, infoturun son günü iştirakçılar Şəmkir və Ağsuda olub.

Orta əsr qədim Şəmkir qala şəhəri ilə tanış olan iştirakçılara ekspedisiyanın üzvü Rəşid Bəşirov məlumat verib.

Onun sözlərinə görə, Şəmkir arxeoloji ekspedisiyası burada 2006-cı ildə kəşfiyyat, 2007-ci ildə isə stasionar arxeoloji qazıntıya başlayıb. Ekspedisiyanın rəhbəri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda şöbə müdiri, tarix elmləri doktoru Tarix Dostiyevdir. 2007-ci ildən davam edən arxeoloji ekspedisiyanın nəticəsində 9 sahədə qazıntı işləri görülüb. Qazıntı əsasən Şəmkirdə orta əsrlərdə Azərbaycan şəhər sakinlərinin yaşayış tərzini, sənətkarlığın və memarlığın səviyyəsini öyrənmək istiqamətində aparılır. Şəmkir abidəsində memarlıq üslubu aran memarlıq üslubuna aiddir. Divarın hündürlüyü 7 metr, eni isə təxminən 2 metrdir. 30 hektar ərazini əhatə edən şəhər üç hissədən - narınqala, şəhristan və rabatdan ibarətdir. Kənar basqınlardan qorunmaq üçün tikilən bu qala 8 qülləsi və 4 qapıdan ibarət idi. Təqribən VI əsrdən şəhər kimi mövcud olub. Şəhərin ən çox çiçəklənən dövrü XI-XII əsrlərə - Şəddadilər və xüsusən də Atabəylər dövlətinin inkişafı dövrünə aiddir. Şəhər 1231-ci ildə monqol yürüşləri zamanı süquta uğrayıb. Bundan sonra uzun müddət istifadəsiz qalan şəhərə XIX əsrin əvvəllərində ruslar hücum edib. Qazıntılar zamanı rusların burada yaratdığı hərbi qarnizonun qalıqları, yaşayış evləri və onlara məxsus pul vahidləri də aşkarlanıb. Hazırda ərazidə qalanın digər qalıqlarını aşkarlamaq məqsədilə qazıntılar davam etdirilir.

İnfoturun sonuncu ünvanı Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksi olub., Ağsu XVIII əsrdə əhalisinin sayına görə Azərbaycanın ən böyük şəhəri olub. 1735-ci ilin mayında Nadir şah tərəfindən Ağsu kəndi yaxınlığında tikdirilən qala uzun müddət bu bölgədə çox əhəmiyyətli iqamətgah sayılıb. Şəhərin dörd bir tərəfinə çəkilən qala divarı çiy kərpicdən tikilib. Burada tədqiqatlar 1983-cü ildə başlanılıb. Hazırda ərazidə ümumilikdə 7 qazıntı sahəsi var.

Burada 40 hektar ərazini əhatə edən şəhər qalıqlarının cəmi 1,5 hektar ərazisi öyrənilib. Qazıntı sahələrində aşkar olunan anbar-buzxana, məscid, meydan, sənətkarlıq emalatxanası, şimal qala divarları və hamam kompleksi barədə ətraflı məlumat verilib.

Bununla da üçgünlük "Azərbaycanda arxeoloji turizm" infoturu başa çatıb.

Son xəbərlər

Orphus sistemi