Yuxarı

Azərbaycan Çində keçiriləcək beynəlxalq turizm sərgisində iştirak edəcək

Sərgi aprelin 12-dən 14-dək Pekində keçiriləcək

Bakı. 12 aprel. REPORT.AZ/ Pekin şəhərində (Çin) aprelin 12-14-də keçiriləcək “COTTM 2016” beynəlxalq turizm sərgisində Azərbaycandan Mədəniyyət və Turizm Nazirliyi, yerli turizm şirkətləri və “Azərbaycan Hava Yolları”nın (AZAL) QSC-nin iştirakı planlaşdırılır. “Report” Mədəniyyət və Turizm Nazirliyinə istinadən bildirir ki, sözügedən sərgidə Nazirliyi turizm şöbəsinin planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov təmsil edəcək.

Eyni zamanda, sərgidə 4 yerli turizm şirkəti - “Geo travel”, “The Tour”, “Regea Travel”, “AzTerra Travel”in iştirakı nəzərdə tutulub. Sərgidə Azərbaycanın turizm potensialının təbliğ olunması məqsədilə 39 kv.m sahə icarəyə götürülüb. Ziyarətçi və iştirakçılara paylanması üçün ingilis və Çin dillərində müxtəlif növ reklam-çap məhsulları təqdim olunacaq.

Azərbaycan artıq beşinci dəfədir ki, Pekində keçirilən “COTTM” beynəlxalq turizm sərgisində iştirak edir. Builki tədbirdə Azərbaycanla yanaşı 65 ölkədən 300-ə yaxın şirkət təmsil olunacaq. Məlumat üçün qeyd edək ki, ötən il ərzində 5 min nəfərdən çox Çin turisti Azərbaycana səfər edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi