Yuxarı

"AIESEC" 19 əcnəbi tələbəni Azərbaycanla əyani tanış edib

Bu cür tədbirlər gənclər arasında mədəni körpülərin qurulmasına və ölkəmizin dünyada tanıdılmasına öz töfhəsini verəcək

Bakı. 27 iyul. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "AIESEC" Azərbaycan Beynəlxalq Gənclər Təşkilatı tərəfindən "FireFlies" turizm layihəsi həyata keçirilir.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Layihənin birinci mərhələsi çərçivəsində Azərbaycana 13 ölkədən 19 xarici tələbə dəvət edilib.

Layihə çərçivəsində Türkiyə, Polşa, İsveçrə, İspaniya, İtaliya, Yunanıstan, Tailand, Ukrayna, Qazaxıstan, İndoneziya, Çin, Moldova, Macarıstan və Misir kimi ölkələrdən gəlmiş könüllülər ölkəmizin dilbər güşələri, tarix-mədəniyyət abidələri, adət-ənənəsi və zəngin mətbəxi ilə yaxından tanış olaraq öz fikir və təəssüratlarını layihə üçün nəzərdə tutulmuş bloqda yerləşdirəcək.

"Park Bulvar" AVM-də keçirilən "Mədəni axşam" adlı tədbirdə "Fireflies" turizm layihəsinin birinci mərhələsinin bağlanış mərasimi keçirilib və layihə iştirakçıları sertifikatlarla təltif olunub. 

"FireFlies" layihəsinin ikinci mərhələsi avqustda həyata keçiriləcək. Ölkəmizə qonaq gələn xarici tələbələrin Azərbaycan ailələrində yaşayışla təmin olunması nəzərdə tutulub.

Bu cür tədbirlər gənclər arasında mədəni körpülərin qurulmasına, ölkəmizin dünyada tanıdılmasına və turizm potensialının nümayişinə öz töfhəsini verəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi