Yuxarı
    Bağlamaq

    Park Bulvardakı planetariumda filmə baxan şəxs aldadıldığını iddia edir

    “Filmin başqa bir film olduğu əvvəldən bilinmir”

    Bakı. 20 fevral. REPORT.AZ/ Sosial şəbəkələrdə Park Bulvar Ticarət-Əyləncə Mərkəzində yerləşən Tusi-Boxm Planetariumun fəailiyyəti ilə bağlı şikayət yayılıb.

    “Report”un məlumatına görə, Ramil İskəndərli adlı vətəndaş şikayətində bildirib ki, planetariumda tamaşaçıların az olması ilə əlaqədar müəyyən aldadıcı fəndlərə əl atılır: “Öncədən elan lövhəsində rus dilində “Ağacların sirri” adlanan film göstərilsə də, bilet alıb filmə bir müddət tamaşa etdikdən sonra tamamilə başqa filmin nümayiş etdirildiyinin şahidi oldum. Zənnimcə, bu, ona görə edilir ki, kimsə elandan kənar filmə baxmağı sifariş edirsə, elan üzrə gələn tamaşaçını da əldən buraxmayıb pul itirməsinlər. Filmin başqa bir film olduğu əvvəldən bilinmir. Çünki heç bir titr getmir. Bilet satıcısına şikayət etdikdə isə günahın tamaşaçıda olduğu tam ustalıqla “sübut olunur”. Satıcı tərəfindən kobudcasına tamaşaçıdan üzr istənilməsinin heç bir halda mümkün olmadığı bildirilir. Park Bulvar rəhbərliyinə şikayət olunduqda isə məsələyə qarışmaq əvəzinə şikayətçı olaraq mənə, kişi qadın bərabərliyi, Azərbaycan mentaliteti barədə xeyli məlumat verildi və şikayətdən vaz keçməyim üçün xahiş edildi. Hətta bilet satıcısının əvəzinə məsələyə heç bir aidiyyatı olmayan Park Bulvar əməkdaşı üzr istəməyə hazır olduğunu bildirdi. Planetariumun rəhbəri isə yerində olmadığından yalnız Park Bulvarın rəhbərliyi ilə danışmaq imkanı oldu. Bilet satıcısı öz adını belə verməkdən imtina etdi. Ona görə də, hər kəsin diqqətinə çatdırıram və xahiş edirəm ki, planetariumda bilet alarkən hökmən əvvəlcədən filmin dəyişdirilib- dəyişdirilməməsi ilə bağlı öncədən mütləq soruşmağınız vacibdir”.

    Məsələ ilə əlaqədar “Report”a açıqlama verən Tusi-Boxm Planetariumun direktoru Famil Mustafa belə bir hadisənin olduğunu etiraf edib. O, bunun texniki səhv nəticəsində yarandığını bildirib: “Texniki səhv hər yerdə ola bilər. Lakin bizdə fərq ondadır ki, burada məktəb şagirdləri və ya qrup şəklində insanlar gələndə onlar üçün seansları dəyişə bilirik. Belə olan halda digər müştəriyə məlumat verilir ki, seansların vaxtı dəyişdirilir. Bu dəfə seansın dəyişdirilməsi ilə bağlı müştəriyə əvvəlcədən məlumat verilməyib. Həmin müştəriyə də işçilərimiz təklif edib ki, qalıb başqa filmə baxa bilər. Yaxud da istədikləri filmi növbəti seans üçün verə bilərlər. Planetarium elə bir məkandır ki, burada kimisə aldatmaq marağımız yoxdur. Çünki həmin yer qazanc yeri deyil. Biz daha çox müştərilərimizin təkliflərini nəzərə alıb xidmət göstəririk. Bizim gəlirimizə və çıxarlarımıza baxsaq, məlum olar ki, işimiz yalnız xidmət göstərməkdir”. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi