Yuxarı

“JARA” filminin baş rolunun ifaçısı: "Bir çox dostum Bakıya getmək istəyir" - MÜSAHİBƏ

“JARA” filminin baş rol ifaçısı: "Dostlarım Bakıya getmək istəyir"

Sentyabrın 5-dən “CinemaPlus” premium kinoteatrlar şəbəkəsində romantik komediya janrında çəkilmiş “JARA” filmi nümayiş etdirilir.

Filmin süjeti Rusiya estradasının ulduzları ilə dolu təyyarədə başlayır və onlar Bakıda keçirilən “JARA” festivalına yollanırlar. Onların arasında Daşa Steklova adlı qız da var. O, filmin qəhrəmanı və “JARA” festivalının ulduzu olaraq tədbiri öz şousu ilə bağlayan artistdir. Onun rolunu Diana Pojarskaya ifa edir.

Xatırladaq ki, Pojarskaya “Otel Eleon” serialında Emin Ağalarovun “İnanılmaz” və “Wicked Game” mahnılarına çəkilmiş kliplərdə rol alıb. Filmdə Bakıya gələn Daşanı festivalın digər ulduz iştirakçıları ilə birlikdə çoxsaylı macəralar gözləyir. 

“Report”un Rusiya bürosuna eksklüziv müsahibəsində “JARA” filminin baş kişi qəhrəmanını oynayan Nail Əbdürəhmanov çəkiliş zamanı yaşadıqları maraqlı əhvalatlardan, o cümlədən bakılı kimi görünmək üçün görkəmini dəyişdirməsindən, həmçinin Bakıdan aldığı təəssürat haqqında danışıb.

- “JARA” komediyasında baş kişi rolunu oynamısınız. Sizcə, bu filmin mövzusu nədir?

- Filmin mövzusu seçimdir, yəni bu film istər şəxsi həyatda, istərsə də işlə bağlı edilən seçimə sadiq qalmaq haqqındadır, dostluq haqqındadır, musiqi haqqındadır. Məhz musiqidir bu filmdə hamını birləşdirən, bir araya gətirən. “JARA” musiqi festivalının fonunda qəhrəmanlar tapışırlar, qovuşurlar. Bu qovuşmanın dostluq, yoxsa məhəbbət olacağı da ən axırda üzə çıxır.

- Filmdə Murad adlı azərbaycanlını oynayırsınız. Bu rolu mənimsəmək sizin üçün nə qədər çətin oldu?

- Mən özüm milliyyətcə tataram, lakin sifətimdə Şərq cizgiləri o qədər də çox deyil. Bundan əvvəl başqa bir layihədə çəkildiyim üçün üzümü təmiz qırxmışdım, indi isə iki həftə ərzində saqqal buraxmalı oldum. Saç-saqqalımı qara boyadılar. Bundan sonra ləhcəni işləmək lazım gəldi. Dedik ləhcəyə çox güc versək, gülməli çıxar. Bakıya gələndən sonra yerlilərlə söhbətlər zamanı gördüm ki, sizdə çox vaxt saitləri uzadırlar, məsələn, da-a-a-a. Filmdə bunu arabir işlədirdim, amma ehtiyatla. Sonra səsləndirmə zamanı ləhcəni bir az da yığışdırdıq. Demək olar ki, lap az qaldı. Bu da süniliyə yol verməmək üçün ən düzgün yoldur.

Çəkilişin birinci günü zəhmətimizin hədər getmədiyini göstərdi. Qədim əşyalar dükanında apardığımız çəkiliş zamanı kostyumda, qrimdə oturmuşdum. Yerli camaat içəri girib mənimlə azərbaycanca danışmağa başlayırdı. Yəni məni də özünküləri zənn etdilər.

- Çəkilişlər zamanı maraqlı əhvalatları danışardınız.

- Mənim üçün hər an maraqlı olub. Axı Bakıya ilk dəfədir gəlmişdim.

- Bəs flmdə Bakı necə göstərilir? Sizcə, filmə baxan rusiyalılar Azərbaycana gəlmək istəyərlərmi?

- Bakı bu filmin qəhrəmanlarından biridir, çox rəngarəng, həyat dolu, gözəl təqdim olunur. Artıq dostlarımın çoxu deyirlər ki, oho, Bakıya getmək istəyirik, Bakının heç bu qədər müasir, hərarətli, həm də bu qədər romantik şəhər olduğunu bilməzdik. Əminəm ki, tamaşaçıların bir çoxu Bakıya gəlmək istəyəcəklər. Çoxları bunu etiraf edir, filmdən sonra rəy yazır, sosial şəbəkələrdən də mənə yazanlar az deyil. Cavabım birmənalıdır - bəli, gəlmək istəyəcəklər.

İqbal Rüstəmov

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi