Yuxarı

İtalyan müğənni Eros Ramazzotti Bakıda ilk dəfə konsert verib

Bakı konserti Perfetto dünya turu çərçivəsində təşkil olunub

Bakı. 28 aprel. REPORT.AZ/ Məşhur italyan müğənni Eros Ramazzotti Bakıda ilk dəfə konsert proqramı ilə çıxış edib.

“Report”un məlumatına görə, Bakı Kristal Zalında keçirilən şou proqramda milyonların sevimlisi Eros Ramazzotti məşhur mahnıları ilə izləyicilərin qarşısına çıxıb.

Romantik balladaları özünəməxsus ifa tərzi ilə seçilən Eros Ramazzottinin Bakı konserti dünya turu çərçivəsində təşkil olunub. Hər zaman konsertlərində gözəl musiqi və unikal şou təqdim edən Eros Ramazzotti azərbaycanlı pərəstişkarlarına da unudulmaz gecə bəxş edib. Milyonların sevimlisi Eros Ramazzotti populyar bəstələri ilə yanaşı, yeni “Perfetto” albomuna daxil olan mahnılarını da səsləndirib.

Qeyd edək ki, musiqi albomları dünyada milyonlarla tirajda satılan Eros Ramazzottinin 2015-ci ildə çıxan 13-cü "Perfetto" adlı musiqi albomu 38 ölkədə "ən yaxşı 20-lər" sırasına daxil olub. Özünəməxsus vokal imkanları, ifa tərzi Eros Ramazzottini uzun illər milyonlarla insanın sevimlisi kimi məşhur edib. Bu günədək 13 musiqi albomu işıq üzü görən Eros Ramazzotti 30 ildən çoxdur ki, İtaliyanın ən məşhur müğənniləri sırasındadır. Onun mahnıları İtaliya, Almaniya, Avstriya və Avropanın bir sıra ölkələrində musiqi hitlərinə liderlik edib. 1982-ci ildə ilk mahnısını təqdim edən bəstəkar-müğənni Eros Ramazzotti iki il sonra San-Remo festivalında çıxış edib. Festivalın "Debütantlar" nominasiyasında qalib olan Ramazzotti karyerasına dünyada məşhur müğənni kimi imza ata bilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi