Yuxarı

"CinemaPlus" ilk dəfə regionlarda - Gəncədə kinoteatr açılır

CinemaPlus Xəmsə 461 yerdən və 5 zaldan ibarətdir

Bakı. 1 aprel. REPORT.AZ/ Azərbaycanın ikinci ən böyük şəhəri sayılan Gəncədə müasir, ən yüksək keyfiyyətlə inşa edilən kinoteatr qapılarını yerli sakinlərin üzünə açır. "Report"un məlumatına görə, bu ilki Azərbaycanın premium kinoteatrı "CinemaPlus" həyata keçirir. 

"Xəmsə Park" adlı məkanda yeni istifadəyə verilən "Xəmsə Park" Ticarət Mərkəzinin 4-cü mərtəbəsində "CinemaPlus Xəmsə" kinoteatrı kinosevərlərin ixtiyarına verilir.

"CinemaPlus Xəmsə" ən yeni Barco nəslindən olan proyektorlar, yüksək parlaqlığa malik kinoekranlar və səs sistemləri ilə təhciz olunub. Məhz bu texnologiyanın istifadəsi nəticəsində yüksək keyfiyyətli görüntü almaq mümkün olur. Həmçinin, "CinemaPlus Xəmsə" kinoteatrında türk və xarici ölkələrin festivallarının keçirilməsi, məşhur simaların dəvət olunması planlaşdırılır. Bundan başqa, kinoteatrda dünya ilə eyni gündə premyeralar göstəriləcək.

Məlumat üçün bildirək ki, "CinemaPlus Xəmsə" 461 yerdən və 5 zaldan ibarətdir. Kinoteatrın zalları Avropa istehsalı olan yüksək dərəcəli rahat kreslolarla təchiz edilib. Xüsusilə qeyd edək ki, dünyada 500-dən çox kinoteatrın dizayn işlərini reallaşdıran Kanadanın "Mesbur+Smith Architects" şirkəti "CinemaPlus Xəmsə" kinoteatrının da dizayn işlərini tam olaraq görüb.

Bundan əlavə, VİP zalda tamaşaçılar şəxsi masalı kreslolarda film izləmək, kinoseans zamanı qida və içkilər sifariş etməyə imkan yaradan VIP Bar-dan istifadə etmək və kino izləyərkən mobil telefonlarına kreslolarda xüsusi quraşdırılmış USB avadanlığının köməyi ilə enerji yükləmək şansı da əldə edəcək.

Kinosevərlərə unudulmaz anlar və mükəmməl istirahət bəxş etmək yalnız bununla bitmir. Təbii ki, əla film izləmək və bu istirahətdən həzz almaq popkorn və sərin içkilərsiz mümkün deyil. Belə ki, burada rahat və xoş istirahət üçün geniş çeşidə malik 4 popkorn növü, şəkər pambığı, buzlu alkoqolsuz kokteyllər və s. sərinləşdirici içkilərin satışı üçün 2 kinobar fəaliyyət göstərir.

Qiymətlər Bakıda fəaliyyət göstərən kinoteatrlardan xeyli aşağıdır.

Seanslar Vaxt Format Qiymət Format Qiymət
Səhər 10:00-12:00 2D 2 azn 3D 3 azn
Günorta 12:00-18:00 2D 3 azn 3D 4 azn
Axşam 18:00-00:00 2D 5 azn 3D 6 azn
VİP Seansların vaxtından və formatından asılı olmayaraq 15 azn

Kino nümayişlərindən əlavə olaraq, kinoteatrın digər əsas məqsədi reklam cəlb etməkdir. Bununla bağlı Gəncədə fəaliyyət göstərən şirkətlər üçün xüsusi reklam təklifləri hazırlanır.

"CinemaPlus" MMC paytaxtdan başqa, digər regionlarda da yeni kinoteatr açmağı planlaşdırır. İlkin olaraq, Gəncə şəhərində 2 kinoteatrın fəaliyyətə başlaması nəzərdə tutulub. Bu da regionlarda hər kinoteatrda təxminən 100 yeni iş yerinin açılması və regionlarda reklam bazarının genişlənməsinə səbəb olacaq. Eyni zamanda, bölgələrdə yaşayan tamaşaçılar Azərbaycan və xarici kinematoqrafçıların yaradıcılığından bəhrələnəcək. Ümumiyyətlə, kinoteatr şəbəkəsinin inkişafı insanların əyləncə imkanlarını artıraraq, əhalinin asudə vaxtlarının daha səmərəli keçirilməsinə köməklik göstərəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi