Yuxarı

Azərbaycan Fransada keçirilən caz festivalında təmsil olunub

Azərbaycan Fransada keçirilən caz festivalında təmsil olunub
İsfar Sarabski Reyms şəhərində keçirilən “Sunnyside” caz festivalına qatılıb

Paris. 6 noyabr. REPORT.AZ/ Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə Azərbaycanın Əməkdar Artisti İsfar Sarabski Fransanın Reyms şəhərində keçirilən “Sunnyside” caz festivalına qatılıb.

“Report”un Fransa bürosu məlumat verir ki, İsfar Sarabski üç ildir təşkil edilən bu festivalda solo konsert proqramı ilə çıxış edir.

Konsertdə azərbaycanlı musiqiçinin ifa etdiyi “G-Man”, “Blame İt On My Youth”, üç həftə bundan öncə bəstələdiyi “Isfar’s Planets” əsərləri festival iştirakçılarının gurultulu alqışları ilə müşayiət olunub.

Tədbirdə çıxış edən “Jazzus Productions”nın həmsədri və “Sunnyside” festivalının həmtəsisçisi Gil Qotye bildirib ki, artıq üçüncü ildir ki, festival iştirakçılarına Azərbaycandan hər dəfə yeni və hər dəfə də yüksək peşəkarlıq nümayiş etdirən sənətkarların musiqisini dinləmək nəsib olur.

“Sunnyside” caz festivalı caz konsertlərinin təşkili sahəsində ən uğurlu təcrübə nümayiş etdirən şirkətlərdən olan, 2011-ci ildə yaradılmış “Jazzus Productions” tərəfindən təşkil edilib. Oktyabrın 16-da başlayan festival noyabrın 16-dək davam edəcək.

İsfar Sarabski İsveçrə, Norveç, Fransa, Rusiya və Gürcüstanda keçirilən festivallarda iştirak edib, 2009-cu ildə Montrö Caz Festivalının qalibi olub. 28 yaşlı musiqiçi “Novruz”, “G-Man”, "Generation”, "Edge”, "Deja Vu”, “Last Chance”, “Agent”, “Now I’m Here”, “Buta”, “In Memory of V. Mustafazade” və digər əsərlərin müəllifidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi