Aygün Səmədzadə “şəhər-kənd ayrı-seçkiliyi" ilə bağlı məsələyə münasibət bildirib

Aygün Səmədzadə “şəhər-kənd ayrı-seçkiliyi" ilə bağlı məsələyə münasibət bildirib Bəstəkar bunu onun adından yayanların nəyə nail olmaq istədiklərini anlamadığı deyib
Şou-biznes
4 İyul , 2017 21:53
Aygün Səmədzadə “şəhər-kənd ayrı-seçkiliyi ilə bağlı məsələyə münasibət bildirib

Bakı. 4 iyul. REPORT.AZ/ Ötən gündən etibarən bəstəkar Aygün Səmədzadənin "Facebook" sosial şəbəkəsində yazdığı status qızğın müzakirə mövzusuna çevrilib. Hətta bir qism insan statusun məğzini təhrif edərək başqa mənalara yozub.

Aygün Səmədzadə məsələ ilə bağlı "Report"a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə konkret sənəti, savadı olan adamları gözdən salmağa çalışan insanlar var.

O, görünən, tanınan və sözlərinə əhəmiyyət verilən biri olmağından məmnun qaldığını söyləyib:

“Görünən adamlar var və onların dediklərinə əhəmiyyət verilir. Onlardan biri olmağımdan məmnunam.Və bu keyfiyyətimdən heç vaxt sui-istifadə etmirəm. Amma bunun əksini edənlər, yaxşı işlərimizi görməzdən gələnlər, sənəti, savadı olan adamları sosial şəbəkələrdə gözdən salmağa çalışanlar var. Bir status paylaşdım. Cümlə, cümlə oxuyun və deyin hardadı təhqir?

Şəhər-kənd-rayon ayrı-seçkiliyini mənim adımdan ana xəttinə çevirməklə nəyə nail olmaq istəyənləri anlaya bilmirəm”.

A.Səmədzadə yazdığı hər sətirə cavabdeh olduğunu bildirib:

"Əgər rüşvət almadınız və vermədinizsə, bir yazı bu qədər sancmaz sizi. Əgər Bakını sevirsinizsə, heç nə acığınıza gəlməz. Azərbaycanı sevirsinizsə, yenə də müəyyən nəticə çıxararsınız. Bu qədər kompleksli olmayın. Ən acınacaqlısı bilirsiniz nədir? Mənim yazımla bağlı tez atamın da şəklini qoyub, xəbər paylaşan saytların addımıdır. Heç bir uğurlu işi, uzun illərin nailiyyətlərini saya almayan adamlar var və bu gün mövzu qıtlığından əziyyət çəkdiklərindən və qərəzli münasibətlərindən bütün sərhədləri pozmağa hazırdırlar. Elə bilirsiniz onlara maraqlıdır o yazının əsl məqsədi?

Onlara hətta bir qrup, heç nədən xəbəri olmayan "nə satırlar alım, nə atırlar tutum” deyənlərin aqressiv şərhləri də lazım deyil. O saytların məqsədi sadəcə, ürək bulandırmaq və heç olmasa bu böhtan başlıqlı yazılarla oxucu toplamaqdı. Tənqid təhqir deyil .Və dəfələrlə dediyim fikri bir daha təkrarlayacağam. Dahilərimiz bu gün də aktuallığı itirməyən əsərlərə görə min dəfə rəhmət eşidir. (Hər biri fərqli bölgədən olan dahilər) Amma kaş ki, "Ölülər", “Danabaş kəndinin əhvalatları”, “Hophopnamə”, “Almaz" , “Dəli Kür” və “İblis” bu qədər aktual qalmayaydı. Kaş ki, "məşədi, 3 manat ver, onu qəzetimdə biabır eliyim" deyənlər Üzeyir bəyin operettasından bayıra çıxmayaydı, kütləvilik ziyalıları daş-qalaq etməkdə deyil, bütöv Azərbaycana xidmətdə özünü göstərəydi”.

Bəstəkar bu məqamda bir haşiyə çıxıb:

“Olmuş əhvalatdır. Uzun illər Bakıda çalışan bir xarici vətəndaş küçə ilə gedərkən iki qadının yedikləri dondurmanın kağızlarını yerə atdığının şahidi olur. Adam zibili yerdən götürüb qadınlara yaxınlaşır və Azərbaycan dilində pis-yaxşı "yerə zibil atmayın, mən bu şəhəri sevirəm” deyir və gedir”.

Son xəbərlər

Orphus sistemi