Bakı. 20 aprel. REPORT.AZ/ Türkiyənin tanınmış bəstəkarı və söz yazarı Atilla Özdəmiroğlu vəfat edib.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, tanınmış musiqiçi 73 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.
2014-cü ildən ağciyər xərçəngi diaqnozu qoyulan bəstəkar uzun müddət xəstəxanada müalicə alıb.
Atilla Özdəmiroğlu Türkiyənin məşhur bədii filmləri - "Züyürt ağa", "Mühsin bəy", "Adı Vasfiyə", "Ağır roman kimi" ekran əsərlərinə bəstələdiyi musiqilərlə daha çox tanınıb.
Qeyd edək ki, bəstəkar 1943-cü il yanvarın 5-də Ankarada dünyaya gəlib. Gənc yaşlarından musiqi ilə maraqlanan Atilla Özdəmiroğlu bir neçə musiqi alətində sərbəst ifa edib.
1966-cı ildən müxtəlif orkestrlərdə çalışan Atilla Özdəmiroğlu bəstəkar və aranjımançı kimi fəaliyyət göstərib.
Ajda Pekkan, Nilufər, Kayahan, Sezen Aksu kimi məşhur müğənnilərlə çalışan Atilla Özdəmiroğlu "Altın Portakal" mükafatının sahibi olub.
7 musiqi alətində sərbəst ifa edən bəstəkar türk musiqi sənətində 65 illik fəaliyyəti ilə yadda qalıb.
Atilla Özdəmiroğlu 200-dən çox mahnı, 14 muzikl və 60 bədii filmin musiqisini yazıb.