Rumıniyanın “Antena-1” telekanalında fevralın sonunda başlayan “Chef Fara Limita” (sərhədsiz şeflər) adlı yemək şousunda azərbaycanlı həvəskar aşpaz İman Abışov da iştirak edib.
Şounun münsiflərini valeh edən gənc soydaşımız “Report”a müsahibəsində bildirib ki, həmin telekanal ötən ilin sentyabr-oktyabr aylarında “Asia Express” səyahət şousunun və “Bıçaqlı aşpazlar” adlı yemək şousunun səyyar çəkilişlərini aparıb. Sonra isə hər iki verilişi “Chef fara Limita” adlı layihədə birləşdirərək mövsüm çəkilişlərini Yunanıstanda həyata keçiriblər. Bütövlükdə 6 minədək iddiaçı arasından səyyar çəkiliş üçün seçilmiş 18 nəfər arasında İman Abışov da olub.
İ.Abışovun dediyinə görə, Rumıniyanın məşhur yemək ustalarının rəhbərliyi ilə keçirilən şounun adı iştirakçıların öz aşpaz məharətini çətin şəraitdə göstərmələrilə bağlıdır: “Biz verilən tapşırıqları müxtəlif əngəlləri dəf etməklə yerinə yetirirdik. Üstəlik Yunanıstanda yeməyin görünüşünə yox, ləzzətli olmasına fikir verirlər. Orada müxtəlif yeməklər hazırlayırdıq, həm də çətin şəraitdə. Məsələn, bərk yağış yağırdı, külək üzündən qaz tez-tez sönürdü. Amma layihənin şərtləri belə olub, biz bütün “sərhəd”ləri aşmalı idik”.
İmanın dediyinə görə, azərbaycanlı olduğunu bilən iştirakçılar və münsif üzvləri onu çox mehriban qarşıladılar: “Azərbaycan mətbəxi onları daha çox heyrətləndirmişdi. Yunanıstandakı müsabiqəyə getmək üçün müxtəlif ölkələrdən gələn minlərlə iddiaçının iştirak etdiyi seçmə turundan keçməli oldum”.
İ.Abışov bildirib ki, münsifləri daha çox təəccübləndirmək üçün ölkəmizin cənub bölgəsinə xas yeməklərini təqdim etmək qərarına gəlib: “Əvvəlcə ləvəngi hazırladım. Sonra isə "şamı" adlı qədim təamımız gəldi, münsiflər çox bəyəndilər. Sözün düzü, həmin yeməyi bir qədər sərbəst təqdim etdim, ət əvəzinə toyuq əlavə edib, piroq şəklində hazırladım. Münsiflər də bu qədər sadə və ləzzətli olacağını heç gözləmirdilər”.
Asudə vaxtında təxəyyülünü də işə salaraq müxtəlif təamlar hazırladığını, həmişə də çox bəyənildiyini deyən gənc həmvətənimiz gələcəkdə də aşpazlıqla məşğul olaraq daha da püxtələşmək niyyətində olduğunu bildirib.